Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatında görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov açaraq respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi ilə bağlı ölkəmizin hər yerində geniş tədbirlərin keçirildiyini bildirib.
YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş və nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır: "Akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmayıb, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaldıb. Ulu öndər Heydər Əliyevin düz 16 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: "....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır...". Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır".
Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək Zərifə xanımın pedaqoji fəaliyyətinin onun ən böyük xidmətlərindən biri olduğunu xüsusi olaraq qeyd edib: "O, Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, oftalmologiya kafedrasının müdiri kimi, həkimlərin biliyinin artırılması üçün qüvvəsini və vaxtını əsirgəmirdi. Tələbələrinə oftalmologiyanın incəliklərini öyrədən alim böyük oftalmoloqlar nəsli yetişdirdi".
Gigiyena və Epidemiologiya mərkəzi şöbə müdri Ofelya Manafova, 139 saylı tam orta məktəbin direktor müavini Marina Hüseynova çıxış edərək Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, səhiyyədə öz dəst-xətti olan novator bir alim, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində də xüsusi xidməti olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB