Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 8/6 ünvanında yaşadığı binaya vurulmuş xatirə lövhəsinin açılışı olub.
Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Müdafiə Nazirliyinin, Şuşa rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, A.Aqarunovun döyüş yoldaşları, qonaqlar iştirak edib.
Xatirə lövhəsinin açılışına həsr olunmuş tədbir hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdirir. 8 may 1992-cu ildə döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Rayon icra başçısı respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da vətənimizin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğının olduğunu bildirib. Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də "Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi" adlanır. Həmin proqrama əsasən ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
İ.Abbasov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimiz ötən ilin aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirdilər. Cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə keçirdiyi görüşdə qeyd etmişdir ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Tədbirdə çıxış edən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və başqaları A.Aqarunovun şərəfli həyat yolundan, qəhrəmanlığından danışıblar. A.Aqarunovun qardaşı Rantik Aqarunov ailəsi adından minnətdarlığını bildirib.
Sonra Suraxanı rayonu Heydər Əliyev Parkında Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin ansamblının və Şuşa İncəsənət məktəbinin kollektivinin hazırladığı konsert proqramı təqdim olunub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB