Akif Əlizadə: "Elmin əməyə çevrilməsi üçün şərait müasir tələblərə cavab vermir"

Akif Əlizadə: "Elmin əməyə çevrilməsi üçün şərait müasir tələblərə cavab vermir"

"Azərbaycan prezidentinin ardıcıl məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə innovasiya potensialının artırılması istiqamətində mühüm işlər görülür". SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə Beynəlxalq Əqli Mülkiyyət günü ilə əlaqədar keçirilən konfransda çıxışı zamanı deyib. Bütün sahələrin inkişafının kökündə elmin dayandığını deyən qurum prezidenti söyləyib ki, bu gün ölkəmizin, eləcə də alimlərin qarşısında duran əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır: "Bu baxımdan innovasiya proseslərinə diqqət ayırmaq bu gün olduqca vacibdir. Azərbaycanda böyük elmi potensiala malik, nüfuzlu alimlər var. Lakin bunun əməyə çevrilməsi üçün şərait müasir tələblərə cavab vermir. Burada qanunvericilik bazasında müəyyən boşluqlar var".

A.Əlizadə qeyd edib ki, AMEA ölkəmizdə elmin inkişafında fəaliyyət göstərən təşkilatdır: "AMEA böyük elmi texniki potensiala malikdir. Akademiyada böyük kadr potensialı yaradılıb bir sıra uğurlar əldə olunub. İnnovasiya sahəsində əməkdaşlığımız genişlənir. Sahələr üzrə elmi müəssisəmiz var. Elmi tədqiqatların aparılmasında və onların əhaliyə əmtəə şəklində çatdırılmasında mühüm işlər görülür. Hər il akademiyanın alimləri 50-yə yaxın patent alır".

AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılmasını xatırladan A.Əlizadə bildirib ki, yaxın illərdə bu park başqa respublikaların parkları ilə eyni səviyyəyə yüksələcək: "Parkda müasir qurğu avadanlıqlar var. Bu parkda innovasiya yönümlü yüksək texnoloji məhsulların istehsalı üçün işlər görülür. İnnovasiya fəaliyyətində elm və təhsilin vəhdət şəklində olması mühümdür".

Bütün xəbərlər Facebook səhifəmizdə