“Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib

“Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib

AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda uzun illərdir ki, akademik Vaqif Abbasovun rəhbərliyi ilə müalicəvi Naftalan neftinin geniş tədqiqatları aparılır. 2003-2016-cı illərdə onun rəhbərliyi ilə bu neftin tədqiqatlarına və təmizlənmə texnologiyasının işlənib hazırlanmasına aid kimya, mühəndislik və mikrobiologiya üzrə üç fəlsəfə doktoru hazırlanıb.

AMEA Neft-Kimya Prosesləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Neft-Kimya Prosesləri İnstitutunda hazırlanmış "Ağ Naftalan yağı"nın alınma texnologiyası işlənib hazırlanıb və AMEA-nın Təcrübə Sənaye Zavodunda təcrübə-sənaye miqyasında mənimsənilib və təcrübə-sənaye istehsalı təşkil olunub.

2014-cü ilin oktyabrın 23-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onu xaricə istifadə üçün dərman preparatı kimi qeydə alıb. (DV № 15-00133).

Yeni bir xoş xəbər Səudiyyə Ərəbistanından gəlib. Üç ilə yaxın tədqiqatlardan sonra Səudiyyə Ərəbistanı "Ağ Naftalan yağını" kosmetik vasitə kimi qeydiyyata almış və ölkədə istifadəsinə icazə verib.

Bu, AMEA-nın yaratdığı ilk məhsuldur ki, xarici dövlətdə qeydiyyata alınıb.

Hazırda "Ağ Naftalan yağı"nın Səudiyyə Ərəbistanında dərman preparatı kimi qeydiyyata alınması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "Ağ Naftalan yağı"nın beynəlxalq səviyyədə qəbul olunmasında bir çox elmi mərkəzlərin böyük zəhməti var. AMEA-nın prezidenti akademik Akif Əlizadənin irəli sürdüyü multidistiplinar tədqiqatlar ideyası "Ağ Naftalan yağı" timsalında öz uğurlu təsdiqini tapdı.

"Ağ Naftalan yağı"nın yaradılması, dərman preparatı və kosmetik vasitə kimi qeydiyyata alınması, təcrübə-sənaye miqyasında istehsalının təşkilində rolu olan təşkilatları sizə təqdim edirik:

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi və Mikrobiologiya kafedrası

AMEA-nın Mikrobiologiya İnstitutu

AMEA-nın Fiziologiya İnstitutu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

AMEA-nın Təcrübə Sənaye Zavodu

Bütün xəbərlər Facebook səhifəmizdə