Diaspor ilə bağlı yayılan yalan və böhtan informasiya bütünlükdə mənşə xalqının və dövlətinin əleyhinə aparılan qara piardır. Bu həm daxili, həm də xarici fəsad verə, milli təhlükəsizliyə təhdidə çevrilə, beynəlxalq aləmdəki mövcud vəziyyətə kölgə sala və ya qarşıdurmaya gətirib çıxara bilər.
Yeni dünya nizamının favoriti, qaçılmaz çağırışı hesab olunan informasiya mənbələri, internet resursları, sosial şəbəkələr hər bir sahədə olduğu kimi diaspor işində də öz müsbət və ya mənfi təsirini göstərir. Bu ən həssas və təhlükəli məsələ statusu qazanıb. Eyni zamanda, lazımlı və vacib amil hesab olunur. Buna görə də elə strategiya qurulmalı və üzərində hərəkət edilməlidir ki, həm mənşə həm də donor dövlətin və xalqın mənafeyinin xeyrinə olsun, bəşəri inkişafımıza töhfə versin.
Bunun üçünsə səslənən hər bir fikirə diqqət yetirmək və əhəmiyyət vermək gərəkdir. İstənilən fərqli yanaşmaya vaxtında və kompleks tədbir görmək lazımdır.
Məhz Azərbaycan diasporunun informasiya mərkəzinin aktiv fəaliyyəti labüddür ki, onun da ən əsas işi diaspor təşkilatlarının fəaliyyətini, onların rəhbərlərinin, üzvlərinin yazılarını, çıxışlarını, müsahibələrini, səsləndirdikləri rəylərini, fikirlərini və təkliflərini "bir pəncərə"dən keçirərək, təhlil edərək aidiyyatı quruma çatdırmaqdan ibarət olmalıdır. Eləcə də informasiyanın idarəolunmasının vahid koordinasiyasını həyata keçirməlidir.
Göründüyü kimi, diaspor hazırki mürəkkəb dövrün hərəkətverici qüvvəsi və qlobal trendlərindəndir. Milli və bəşəri nöqteyi-nəzərdən "həyati vacib əhəmiyyətli" məsələdir.
Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının yaradılması, Rusiya dövlət başçısı Vladimir Putinin diaspor təşkilatlarına xüsusi münasibət göstərməsi, onun keçirilən tədbirlərində şəxsən iştirakı və ya onlara məktub ünvanlaması bir daha bu sahə ilə bağlı ciddi düşünməy’ vadar edir.
Yeri gəlmişkən, 2004-cü ilin oktyabr ayının 19-da Ümumrusiya Azərbaycanlıları Konqresinin II Qurultayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirak etməsi əlamətdar bir hadisəyə çevrilmişdir.
"ÜAK Azərbaycan diasporunun tanınmış və nüfuzlu təşkilatıdır. Siz mədəni-maarifçilik fəaliyyəti ilə məşğulsunuz, sosial adaptasiya proqramlarının həyata keçirilməsinə yardım göstərirsiniz və digər başqa istiqamətlərdə çalışırsınız. Biz Azərbaycan diasporunun Rusiya cəmiyyətinin bütün sahələrinə töhfələrini yüksək qiymətləndiririk". Rusiya prezidenti Vladimir Putinin Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti ilə bağlı yuxarıda qeyd edilən fikirləri diasporun yaşadığımız zamanda mühüm missiya daşıyıcısı olduğunu bir daha təsdiq edir.
Yaxud, artıq ənənəvi xarakter alan, 2012-ci ildə ABŞ-da ikinci dəfə Qlobal Diaspor Forumununun keçirilməsi və Dövlət katibi səviyyəsində bu tədbirdə iştirak edilməsinin özü bir göstərici olmaqla bu sahəyə yeni yanaşmadan xəbər verir. "Vətənə kömək edərək irəliyə getmək" şüarı altında keçirilən II Forumda diaspor icmalarının üzvləri ilə ABŞ hökuməti arasında tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. Vaşinqtonda sayca ikinci dəfə keçirilən Qlobal Diaspor Forumunun açılışında Dövlət katibi nitq söyləyib. İki gün sürən sözügedən tədbirə ABŞ-da diaspor icmalarının 500-dən çox nümayəndəsi və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri qatılıb.
Dövlət katibi Klinton Vaşinqtonun Suriya müxalifətinin yeni hökumət formalaşdırmaq səylərini gücləndirməsi işində ABŞ-dakı Suriya diaspor üzvlərinin tövsiyələrini qeyd edib. O deyib ki, xaricdə yaşayan suriyalılar beynəlxalq ictimaiyyət və ölkənin daxilində fəaliyyət göstərən müxalifət arasında bir körpü rolunu oynayır. Bununla, Hillari Klinton diaspor üzvlərini vətənlərinə kömək etməyə təşviq edib.
Dövlət katibi Klinton həmçinin Suriya diasporunun ölkəni bürümüş zorakılıqların təsirinə məruz qalan insanlar üçün maliyyə fondları və yardımın toplanması işində köməyinə yüksək qiymət verib.
Zənnimizcə, ABŞ nəinki diasporun "körpü rolu" funksiyasını qabardaraq ondan "Vətənə kömək edərək irəliyə getmək" fenomeni yaratmaq istəyir, o bu yolla, yəni diaspor vasitəsi ilə "yumşaq güc" tətbiq etməyə başlayıb.
Bu xüsusda, indiki qeyri-müəyyən şəraitdə diaspora "3D" formatında baxılmalıdır: ona sosial münasibətlərin, mədəniyyətlərarası dialoqun, beynəlxalq əlaqələrin (diplomatiyanın) elementi kimi yanaşılmalı və dəyər verilməlidir. Diasporun milli koloritinin qorunub saxlanılması və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə lobbi institutu inkişaf etdirilməlidir.
Yəhya Babanlı,
tarix üzrə fəlsəfə doktoru,
diaspor məsələləri üzrə ekspert
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB