“Erkən nikah cinsi problemlər yaradır”

HDİM Lökbatanda tədbir keçirib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində növbəti tədbirini Lökbatan qəsəbəsində keçirib. Dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib. İlham Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar. Layihə rəhbəri deyib ki,sağlam ailə modelinin yaradılmasında məktəbdə aparılan tərbiyə işlərinin böyük rolu var: "Məktəblərimiz hər bir məsələdə olduğu kimi bu məsələdə də xüsusi əhəmiyyət daşıyırlar. Məktəbdə verilən tərbiyə, təhsil bir ömür boyu uşaqların, yeniyetmələrin yaddaşına həkk olunur. Amma açıq danışsaq hazırkı durumda məktəblərimizin bu işin öhdəsindən layiqincə gələ bildiklərini söyləmək çox çətindir. Əlbəttə ki, fədakar müəllimlərimiz var, onlar bu işdə bəzən əllərindən gəlməyənləri də etməyə çalışırlar. Amma bu çox azdır. Problemin həlli üçün kompleks yanaşma olmalı və işlər vahid bir proqram çərçivəsində görülməlidir. Məktəblərdə təbliğat gücləndirilməli, zərərli təsirlərə qarşı tədbirlər çoxaldırlmalıdır".

Layihə rəhbəri deyib ki, erkən nikahlara qarşı maarifləndirmə tədbirlərinə hər zaman ehtiyac var: "Erkən nikahlar daha çox təhsil, bilik səviyyəsinin aşağı olduğu, informasiyanın məhdud olduğu yerlərdə, ailələrdə özünü büruzə verir. Ona görə də bu problemdən birdəfəlik yaxa qurtarmaq üçün təhsilin, elmin səviyyəsini daha da yüksəltməyə, onun daha geniş şəkildə yayılmasına çalışmalıyıq. Ailə dəyərlərimizin məhv olmaması üçün dövlət və ictimaiyyət olaraq əl-ələ verib ciddi çalışmalar həyata keçirməliyik. Çünki ailə dövlətin mini modelidir. Dövlət də, cəmiyyət də bu ailələrdən formalaşır. Əgər ailələrimizdə problemlərin sayı artan xətlə gedərsə bu öz təsirini dövlətimizin və cəmiyyətimizin birliyinə də göstərə bilər. Ona görə də fikrimcə bizlər cəmiyyət olaraq dövlətimizin bu istiqamətdə gördüyü işlərə ciddi dəstək olmalı, əlimizdən gələnləri əsirgəməməliyik".

Tədbirdə qeyd olunub ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir: "Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif əqli və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Təsadüfi deyil ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb".

Qeyd olunub ki, valideynlər özləri erkən nikahdan çəkinməli, bunun zərərli olduğunu dərk etməlidirlər: "Dövlət nə qədər tədbir görürsə görsün, insanlar yenə bir yolunu tapıb uşaqları erkən nikaha məcbur edəcək. Nikah kəsilməyəcək, çünki 18 yaşları bitməyib, ona görə molla kəbini ilə toy ediləcək, vətəndaş nikahında yaşayacaqlar, nikahsız uşaqlar doğulacaq. Məncə həm qızlar, həm oğlanlar, həm də onların valideynləri üçün xüsusi maarifləndirici kampaniyalar keçirilməlidir, yaranacaq problemlər ən kəskin formada izah olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...