“Bakı 2017”: Su səyahətinin iştirakçıları Şəmkirdə FOTOLAR

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin iştirakçıları aprelin 21-də Şəmkir rayonuna gəliblər. Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti Göygöldən sonra Şəmkirdə davam edib. Boks üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ramiz Yusifov, sərbəst güləş üzrə Avropa və Olimpiya turnirinin mükafatçısı Elçin Həsənov, şahmat və güləş həvəskarı, Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi Murad Namazov "Bakı-2017"nin misdən hazırlanmış su qabını Şəmkir su anbarında su ilə doldurublar. Bu su qabı axşam saatlarında Şəmkir şəhərindəki Gənclər Mərkəzinin qarşısında amfiteatrda keçiriləcək su festivalında və mayın 12-də "Bakı-2017"nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün Şəmkir şəhər Olimpiya İdman Kompleksində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots" proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev və rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, "Xəzərdən başlayan su səyahəti" proqramı çərçivəsində Şəmkir şəhərindəki Gənclər Mərkəzinin qarşısında amfiteatrda axşam saatlarında su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə