Əmək müqaviləsi: gələcəyinizin qarantı REPORTAJ

Əmək müqaviləsi: gələcəyinizin qarantı REPORTAJ

İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənədə Əmək müqaviləsi deyilir. İşə götürənlə işçi arasında bu müqavilənin imzalanmas vacib şərtlərdən sayılır. Ölkə qanunvericiliyinə əsasən işə qəbul zamanı Əmək müqaviləsinin bağlanmaması sonradan insan əməyinin istismarına və əmək hüquqlarının tapdalanmasına gətirib çıxara bilir. Belə olan halda. Əmək müqaviləsinin vacibliyi nədən ibarətdir? Onun bağlanmasında kimlər daha çox maraqlı olmalıdır?

SİA məsələyə aydınlıq gətiməyə çalışıb.

"İşə götürən Əmək müqaviləsini bağlamadığına görə məsuliyyət daşıyır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, Əmək müqaviləsinin bağlanması işə götürənin vəzifəsi, işçisinin isə hüququdur. Onun sözlərinə görə, Əmək müqaviləsinin bağlanmasında dövlət də maraqlıdır: "Çünki, müqavilə olmadan işçilər nə vergilərə, nə sosial, nə də peşə xəstəliklərinə görə icbari sığortaya cəlb olunmur. İşə götürən Əmək müqaviləsini bağlamadığına görə məsuliyyət daşıyır. İşə götürən müqaviləni bağlamaqla işçinin əmək funksiyalarını göstərir. Bu funksiyalar yerinə yetirilmədikdə ona qarşı tədbirlər görə bilir. Hər hansı maddi məsuliyyət yarandıqda işə götürən ona vurulan maddi zərbəni işçidən ala bilir. Müqavilə olmadıqda işçi işəgötürənin bahalı avadanlığını sıradan çıxartsa belə, ona qarşı heç bir etiraz edilə bilməz".

"Əmək müqaviləsi olmayanlar əmək pensiyası ala bilməyəcəklər"

Hüquqşünas söyləyib ki, Əmək müqaviləsinin bağlanması daha çox işçiyə maraqlı olmalıdır: "Çünki, bu sənəd olduqda işçinin sosial sığorta stajı gedir onun gələcəkdə əmək pensiyasına çıxması üçün yığım prosesi gedir. Bu yığım olmadıqda insanlar gələcəkdə yaşa görə əmək pensiyası ala bilməyəcəklər. Bundan başqa iş zamanı bədbəxt hadisə və ya peşə xəstəlikləri baş verərsə əmək müqaviləsi əsas sənəddir. Çünki insanlar bunun əsasında bədbəxt hadisələr zamanı sığorta alırlar. Nəhayət işçi ona qarşı haqsızlıq olan zaman əmək müqaviləsinə əsaslanaraq şikayət verə bilir".

"İşəgötürənlərə qarşı təsir mexanizmi artırılmalıdır".

S. Məmmədov qeyd edib ki, Əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı təsir mexanizmi artırılmalıdır: "İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir. Əgər işə götürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir".

Azərbaycan Prezidentinin sərəncamı ilə bu problemlərin aradan qaldırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını xatırladan Liqa sədri söyləyib ki, komissiyanın yaradılması problemin həllinə bağlı növbəti addım idi: "Bildyiniz kimi indiyədək bununla bağlı bir sıra addımlar atılıb, əmək müqavilələri elektron sistemə keçirilib".

"Əmək müqaviləsi münasibətləri tənzimləmək üçün çox mühüm vasitədir"

Sosioloq Əhməd Qəşəmoğlu söyləyib ki, Əmək müqaviləsi Avropa , digər inkişaf etmiş ölkələrdə mühüm rola malik olsa da, bəzən Azərbaycanda işəgötürənlər buna formal qaydada baxırlar. Onun sözlərinə görə, həm işə götürən həm də işçi öz vəzifəsini, səlahiyyətlərini, hüquqlarını bilməsi üçün Əmək müqaviləsi bağlamalıdır: "Əmək müqaviləsi hər iki tərəfə qarşılıqlı əlaqələr qurmaq, münasibətləri tənzimləmək üçün çox mühüm vasitədir. Əmək müqaviləsi formal olduqda burada həm işə götürənin həm də işçinin hüquqlarının pozulması, münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan əmək qanunvericiliyinə uyğun olaraq hazırlanan əmək müqaviləsinin müddəalarını, işçinin üzərinə düşən vəzifəsini, məsuliyyətini yaxşı bilmək, işçini həm yaxşı mənada istehsal prosesinə, əmək nizamına dəvət edir, həm də onun öz hüququnu tələb etməsini, öz öhdəliyinə düşən vəzifədən kənar işlər görməməsini və öz işinə peşəkar şəkildə yanaşmasını şərtləndirir. Belə olan halda, daha ahəngdar iş qurmaq mümkündür".

"İnsanların maariflənməsinə böyük ehtiyac var"

Azərbaycanda Əmək müqavilələri ölkə hüquqşünaslarının yaxından iştirakı ilə əmək qanunvericiliyinə uyğun olaraq hazırlandığını deyən Ə. Qəşəmoğlu söyləyib ki, burada əsas məsələ həm işəgötürənlərin, həm də işçilərin Əmək müqaviləsi haqqında məlumatı olmasıdır: "Bu gün əmək müqaviləsinin əhəmiyyəti haqqında insanların maariflənməsinə xüsusi ehtiyac var. Çünki insanların əksəriyyətində, xüsusilə də Azərbaycanın bir sıra regionlarında əmək müqaviləsi haqqında ümumiyyətlə məlumatları yoxdur".

"İşəgötürənlər işçiləri məlumatlandırmalıdırlar"

Sosioloq qeyd edib ki, insanların öz əmək hüquqları haqqında məlumatlı olmadığı halda, işə götürənlər onları əmək hüquqları ilə bağlı məlumatlandırmalıdırlar: "İşə qəbul prosesində insanların aldadılması ilə bağlı edilən cəhdlərin hər biri dövlət nəzarətində olmalıdır. Çünki işə götürən şirkətlər elə müqavilə tətbiq edə bilər ki, bir müddətdən sonra həmin sənəd işçinin konstitusiyada eləcə də qanunvericiliyimizdə əks olunan hüquqlarını poza bilər".

"İnsanların sosial təminatının gələcəyi öz əlindədir"

Ə. Qəşəmoğlu vuğulayıb ki, Əmək müqaviləsinin bağlanmasının vacibliyi ilə bağlı şərtlər daha da sərtləşdirilməlidir: " Belə olan halda, həm işəgötürənlər, həm də işçilər bu məsələdə daha diqqətli olacaq. Çünki insanlar bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması və iş zamanı sağlamlıqlarının qorunması ilə nəticələnəcək. İnsanları Əmək müqavilələrinin əhəmiyyəti ilə bağlı maarifləndirmək üçün əlavə işlər görülə bilər. Misal üçün təhsil müəssisələrinin son kursunda, televiziya kanalları, bürolar və ya müəyyən kurslar vasitəsilə insanlar maarifləndirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə