Nahid Bağırov: “Hazırki turist axını daha da güclənəcək” AÇIQLAMA
"Azərbaycanda turizm sahəsinin inkişafı, turist axının çoxaldılması istiqamətində aparılan işlər artıq özünü göstərməyə başlayıb. Hazırda ölkəmizə gələn turistlər rekord səviyyədədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
O qeyd edib ki, Azərbaycana turist axının çoxalmasının bir neçə səbəbi var: "Ölkəmizdə dövlət tərəfindən atılan düşünülmüş və uğurlu addımlar turistlərin marağını Azərbaycana cəlb edib. Dövlət başçımız İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar, viza rejiminin təkmilləşdirilməsi, Strateji Yol Xəritələri, Azərbaycanda dayanıqlı və inkişaf edən iqtisadiyyat, ölkəmizdə təmin olunmuş təhlükəsizlik, sabitlik,
multikulturalizm, yaradılmış infrastruktur turistlərin axınını rekord həddə çatdırıb. Turizmin inkişafı istiqamətində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosisasiyası tərəfindən də müxtəlif tədbirlər həyata keçirilib, marketinq planları hazırlanıb və tətbiq olunub. 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası Dubay şəhərində yerləşən şirkətlə müqavilə imzalayıb. Bu müqavilə əsasında bizim Ərəb körfəzi ölkələrində nümayəndəmiz fəaliyyətə başlayıb və Ərəb dünyasından turist axını istiqamətində əhəmiyyətli işlər aparılıb".
Assosiasiya rəhbəri müxtəlif zamanlarda müxtəlif ölkələrdən gələn turistlərin sayının çoxaldığını bildirib: "Hər ölkədən gələn turistlərin sayının çoxaldığı zamanlar var. Hər bir ölkədə fərqli zamanlarda bayramlar, qeyri-iş günləri olur. Məsələn, Novruz bayramı ərəfəsində İrandan gələn turistlərin sayı çox idi. Hazırda isə həm İran, həm də Ərəb ölkələrindən turistlər çoxluq təşkil edir. Mayın 1-dən 11-nə qədər Rusiya, Ukrayna və Qazaxıstandan çoxlu turistlər gələcəklər. Ona görə ki, o ölkələrdə May bayramı olacaq. Ancaq yay mövsümündə dünyanın hər yerindən - İran, Ərəb körfəsi ölkələri, Rusiya, Ukrayna, Avropa, Asiyadan turistlər gələcəklər".
N.Bağırov deyib ki, ölkəmizə turist axının çoxaldığını nəzərə alaraq otellərin sayını daha da artırmaq lazımdır: "Novruz bayramı ərəfəsində bütün otellərimiz dolmuşdu. Heç bir oteldə boş yer yox idi. Buna görə bir çox turistlər gələ bilmədilər. Hazırda turistlərin Azərbaycana daha da çox gəlməsi üçün səylərimizi davam etdiririk. Yeni istiqamətlər üzrə işlər aparırıq. Hazırki turist axını daha da güclənəcək. Ona görə otellərin sayını çoxaltmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB