Özünüməşğulluq proqramı ailə təsərrüfatlarının inkişafına töhvə verir

Ötən dövrdə proqram çərçivəsində verilmiş aktivlər hesabına 400-ə yaxın yeni ailə təsərrüfatı yaradılıb

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə aktivlərlə (mal və materiallarla) təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olublar. Bu sahədə əldə olunan müsbət nəticələr proqramın gözlənilən səviyyədə özünü doğrultduğunu deməyə əsas verir.

Cari il fevral ayının ortalarından etibarən indiyədək özünüməşğulluq proqramı çərçivəsində artıq 25 rayon (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Yevlax, Füzuli, Cəbrayıl, Saatlı, Biləsuvar, Şirvan, Lerik, Yardımlı və b.) üzrə ümumilikdə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təminatı həyata keçirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qeyd olunan şəxslərin hər biri ilk növbədə proqram çərçivəsində təşkil olunan təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər. Bu da onların verilmiş aktivlərdən daha səmərəli istifadə edərək, biznes-planlarını uğurla reallaşdırmaları, təsərrüfatlarını düzgün quraraq bacarıqla idarə etmələri üçün vacib əsas rolunu oynayıb.

Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.

Hazırda nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı işləri davam etdirilir. Proqram müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmalarına imkan yaradacaq. Özünüməşğulluq proqramının icrası sahəsində uğurlu təcrübə gələcəkdə bu sahədə tədbirlərin geniş vüsətlə davam etdirilməsini şərtləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə