Litvalı professor Azərbaycana heyran olub FOTOLAR

Ölkəmizdə işgüzar səfərdə olan Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bir sıra görüşlər keçirib.

Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən məlumata görə, litvalı professor səfərin birinci günü Bakı Mühəndislik Universitetinin "Azərbaycan Multikulturalizmi" Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüşüb.

Görüşdə təmsil etdiyi ölkənin etnik mənzərəsindən danışan V.Kavaliauskas Litvadakı multikulturalizm mühiti ilə Azərbaycan multikulturalizmi arasında paralellər aparıb. Professor deyib ki, ilk dəfə Azərbaycanda olandan sonra keçirdiyi heyranlıq hissi onu dəfələrlə ölkəmizə gəlməyə sövq edib.

Professor Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəyə çevrildiyini və dərs dediyi həm Litva, həm də Gürcüstan universitetlərində tələbələrinə bu barədə mütəmadi bilgilər verdiyini söyləyib. Tələbələrin suallarını cavablandıran litvalı alimə Elm-Tədris Mərkəzinin və Bilik Fondunun hədiyyələri təqdim olunub.

V.Kavaliauskas həmçinin Bakı Mühəndislik Universitetinin Texnoparkı ilə tanış olub, burada tələbələr üçün yüksək səviyyədə şərait yaradıldığını bildirib. Litvalı professorun həmin gün Bilik Fondunda təcrübəçi tələbələr və könüllülərlə görüşü keçirilib. Hər səfərində Azərbaycanın, paytaxt Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu deyən qonaq ölkəmizdə özünü rahat hiss etdiyini, insanlarla ünsiyyətindən böyük zövq aldığını söyləyib.

Çox sayda xarici ölkələrə səfərlər etdiyini diqqətə çatdıran V.Kavaliauskas Ermənistana cəmi bir dəfə getdiyini, gördüklərindən sonra daha heç vaxt bu ölkədə olmaq istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistandakı monoetnik mənzərə, həmin ərazidə başqa din və dil daşıyıcılarının yaşamaması, ermənilərin başqa xalqların təmsilçilərinə aqressiv münasibət göstərmələri onda xoşagəlməz ovqat yaratdığından professor bu ölkəyə növbəti səfərlərdən imtina edib.

Bilik Fondunun əməkdaşları səfərin ikinci günü litvalı alimi öz arzusu ilə birinci Fəxri Xiyabana aparıblar. Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayan ekskursiya zamanı qonağa Azərbaycanın tarixi şəxsiyyətləri haqqında geniş məlumatlar verilib. Litvalı qonaq zəngin bilgilər əldə etdiyinə görə məmnun olduğunu, müşahidə etdikləri barədə tələbələrinə ətraflı danışacağını bildirib.a
V. Kavaliauskas növbəti gün Bakirə Müqəddəs Məryəm katolik kilsəsində təşkil olunan Pasxa bayramında iştirak edib, Azərbaycan multikulturalizm ənənələrini özündə əks etdirən əyani vəsaitlərlə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə