15 aprel 2017–ci il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində 183 saylı tam orta məktəbdə məktəbin 80 illik yubileyi ilə bağlı tədbir keçrilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Məmmədzadə Ofeliya, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, məktəbin keçmiş məzunları, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Rəhilə Abbasova qonaqları salamlayaraq təhsil müəssisəsinin tarixindən söz açıb. Bildirib ki, 183 nömrəli tam orta məktəbin təməli 1937-ci ildə qoyulub. Sonralar məktəb əsaslı şəkildə yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Belə ki, 2011-ci ildə məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Məktəb rəhbəri tədris ocağında hazırda 1114 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllimin məşğul olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev bildirdi ki, 183 saylı məktəb Xəzər rayonunun qabaqcıl məktəblərindən biridir. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılmışdır. Əlbətdə əvvəllər belə olmayb. Məktəbdə şagird yerləri ilə bağlı sıxlıq, maddi- texniki bazası ilə bağlı ciddi problemlər mövcud olub. Rayonun digər məktəbləri kimi 183 saylı məktəb də müvafiq Dövlər Proqramına uyğun olaraq yenidən qurulmuş və ən müasir avadanlıqlarla təmin olunmuşdur. 2006-cı ilə Heydər Əliyev Fondu tərəfindən məktəb üçün yeni korpus tikilib istifadəyə verilmişdir. Məktəbdə geniş idman zalı, kitabxana, akt zalı müəllim və şagirdlərə xidmət göstərir. Məktəbdə tədris şəraitinin yaxşılaşdırılması təhsilin keyfiyyətinə və nəticələrə müsbət təsir göstərmişdir. Ali məktəblərə qəbul olanların sayı ildən –ilə artır. Qəbul faizi əvvəlki illərə nisbətən iki dəfə artaraq 2016-cı ildə 60% təşkil etmişdir.

Millət vəkili Rauf Əliyev daha sonra bildirmişdir ki, müasir vətənpərvər, xalqını və millətini sevən gəncliyin yetişdirilməsində məktəblər böyük rol oynayır. Bu günlərdə ölkəmizdə il dönümü geniş sürətdə qeyd olunan Azərbaycan ordusunun düşmən ordusu üzərində şanlı qələbə çaldığı Aprel döyüşləri göstərdi ki, Azərbaycanda vətənpərvər, xalqını, millətini sevən gənclik yetişmişdir və yetişməkdədir. Biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə ya sülh ya da hərb yolu ilə işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq bütün məcburi köçkünlər və qaçqınlar öz ata–baba yurdlarına qayıdacaqlar. Çıxışının sonunda Rauf Əliyev məktəb kollektivini, məktəbin məzunlarını 80 illik yubiley münasibəti ilə təbrik etdi və onlara yeni-yeni uğurlar dilədi.
Tədbirdə çıxış edən digər qonaqlar son illər ölkəmizdə aparılan təhsil islahatlarından söz açaraq, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilə verdiyi töhfələr haqqında danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.

Tədris ocağının 80 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Sonda məktəbin səmərəli fəaliyyətinə görə fərqlənən müəllimləri Fəxri fərmanla təltif ediliblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB