Tütün məmulatlarının istifadəsi məhdudlaşdırılır

Tütün məmulatlarının istifadəsi məhdudlaşdırılır

Bu gün Milli Məclisin plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

O bildirib ki, 10 ildən artıqdır ki, Milli Məclisin əmək və sosial siyasət komitəsi qanun layihəsinin hazırlanmasında dünya təcrübəsini öyrənib: "Qanun layihəsi 17 maddə 3 Fəsildən ibarətdir. Deputatların bir neçəsi bununla bağlı xaricdə təcrübədə iştirak edib, Türkiyə və digər ölkələrin qanun təcrübəsindən istifadə olunub. Bütün bu illər ərzində deputatlar siqaret çəkilməsi məsələsinə vaxtaşırı toxunaraq bununla bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar. Milli Məclisin iki komitəsi, 9 nazirlik və digər orqanlar layihəyə təklif və iradlarını bildiriblər".

H. Rəcəbli qeyd edib ki, Milli Məclisin spikeri də vaxtaşırı qanunla maraqlanıb, onun daha təkmil ortaya çıxması üçün əlindən gələni edib: "Türkiyə və Rusiyanın bundan öncə hazırlanan qanun aktları istənilən nəticəni verməyib, layihələr daha sonra yenidən işlənərək,zənginləşdirilib. Bunları nəzər alaraq sizə təqdim olunan qanun layihəsi Şərq ölkələrinin və milli maraqlarımız qorunmaqla hazırlanıb".

Komitə sədri vurğulayıb ki, Azərbaycan bazarında atılan tütün məmulatlarının 60 faizi digər ölkələrdən gətirilir: "Bu baxımdan qanun layihəsinin müzakirələri zamanı deputatlar tərəfindən ölkəmizdə tütün istehsalının genişlənduirilməsi ilə bağlı mühüm addımların atılması kimi təkliflər irəli sürülüb. Hazırda dünya bazarlarında Azərbaycanın qurudulmuş tütün yarpaqlarının satılmasına ehtiyac var. Qəbul edəcəyimiz qanunun bu məlumatların istehsalının artıtrılmasına heç bir maneəsi olmayacaq".

Sonda qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə