GUAM çərçivəsində enerji əməkdaşlığının perspektivləri müzakirə olunub. Energetika Nazirliyindən verilən məlumata görə, müzakirələr Azərbaycanın energetika naziri Natiq Əliyevin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşü zamanı aparılıb. Görüşdə təşkilatın gündəliyində olan, o cümlədən GUAM üzvü olan dövlətlərin hökumət başçılarının martın 27-də Kiyevdə keçirilmiş görüşündən irəli gələn və enerji sahəsində işçi qrupunun iclası ilə bağlı məsələlər müzakirə edilib.
GUAM çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını vurğulayan A.Əfəndiyev inkişaf etmiş nəqliyyat sistemi, nəqliyyat dəhlizi kimi bir çox üstünlüklərə malik Azərbaycanın bu imkanlardan yararlanmasının vacibliyini bildirib. O, enerji sahəsində ikitərəfli Ukrayna-Azərbaycan, Gürcüstan–Azərbaycan əməkdaşlığının təşkilat formatında daha da genişləndirilməsini, bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.
N.Əliyev isə bildirib ki, GUAM çərçivəsində enerji əməkdaşlığı təşkilat üzvlərinin ümumi marağında olan hər hansı layihə əsasında səmərə verə bilər. Bu məqsədlə qurum hər bir üzv ölkənin cəlb oluna biləcəyi layihələrlə bağlı təklifləri dəqiqləşdirməli və müzakirə formatını müəyyənləşdirməlidir. Yalnız bundan sonra sentyabr-oktyabr aylarında təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığını konkret istiqamətdə inkişaf etdirmək üçün xüsusi iclas keçirilə bilər.
GUAM-ın baş katibi A.Əfəndiyev məsələ ilə bağlı təşkilatın digər üzvləri ilə yaxın müddətdə müzakirələrə başlanılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB