Belarus FHN-in nümayəndə heyəti FHN-in müavini ilə görüşüb

Belarus FHN-in nümayəndə heyəti FHN-in müavini ilə görüşüb

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa oyunları ilə əlaqədar ölkəmizə səfərə gəlmiş Belarus Respublikasının müvafiq qurumlarının vəzifəli şəxslərindən ibarət geniş tərkibdə nümayəndə heyətində təmsil olunmuş Belarusun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 11 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşmüşlər. Qonaqları səmimi salamlayan nazir müavini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. SIA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2019-cu ildə Minsk şəhərində II Avropa oyunlarının keçiriləcəyini xatırladan nümayəndə heyətinin üzvləri bildirmişlər ki, respublikamıza səfərlərinin məqsədi Azərbaycanda keçirilmiş I Avropa oyunlarının təşkili ilə bağlı təhlükəsizlik məsələlərində ölkəmizin təcrübəsinin öyrənilməsidir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev I Avropa oyunları zamanı təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərdən söz açıb. Görüşdə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdə yanğın-texniki müayinələr və monitorinqlərin aparılması, risklərin qiymətləndirilməsi, təxliyyə planlarının dəqiqləşdirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş təlimlər, cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunmasının təmin edilməsi məqsədilə açılmış əməliyyat qərargahının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ölkəmizə səfər çərçivəsində belaruslu qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti ilə də yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə