Ulu Öndərin doğum günü ilə bağlı tədbir keçirilib FOTOLAR - SƏS TV

Ulu Öndərin doğum günü ilə bağlı tədbir keçirilib FOTOLAR - SƏS TV

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Ulu Öndər Heydər Əliyev haqqında bədii və sənədli televiziya filmlərinin müəllifi, SPACE Müstəqil Teleradio şirkətinin prezidenti Vaqif Mustafayev, Ümummilli Lider Heydər Əliyev dövründə Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmuş general-polkovnik Tofiq Ağahüseynov, Sərhəd Qoşunlarının Komandanı və Kənd Təsərrüfatı Nazirinin müavini olmuş İmran Əbilov, mühafizə xidmətində işləmiş Aleksey İvanov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verib: "Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Ümummilli Lider Heydər Əliyev zamanın fövqündə dayanan, illər keçdikcə dühası və əzəməti daha əzəmətli və parlaq şəkildə üzə çıxan qüdrətli şəxsiyyətlərdəndir. Günümüzədək Onun haqqında çox kitablar yazılıb, filmlər çəkilib, neçə-neçə məşhur insanlar öz fikirlərini deyiblər. Şübhə yoxdur ki, gələcəkdə Onun barəsində yeni-yeni kitablar yazılacaq, filmlər çəkiləcək və müxtəlif tanınmış insanlar öz fikirlərini deyəcəklər. Ancaq indiyədək nəinki müxtəlif fikirlər, hətta kitablar və filmlər belə bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməyib. Onlar ən yaxşı halda Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin bir neçə cəhətini ümumiləşdirməyə, yaxud həyatının müəyyən dövrü ilə bağlı həqiqətləri yenidən dəyərləndirib üzə çıxarmağa nail olublar".

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi Onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır: "Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Ulu Öndər Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərləri ilə bir sırada dayanır. Artıq Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasının 26-ci ilini yaşayır. Azərbaycan xalqının tarixi nailiyyətimiz olan Dövlət müstəqilliyinin bərpası yolunda hansı bəlalarla qarşılaşdığı hamınıza yaxşı məlumdur. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Müstəqillik ideyasının geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verdi və bu da xalqın müstəqillik uğrunda mübarizəsinə yeni təkan oldu. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter almış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz ki, onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu".

Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışıb.

Çıxışlar başlanmazdan əvvəl tədbir iştirakçıları görkəmli kinorejissor Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyev haqqında çəkdiyi sonuncu televiziya filminin qısa variantına tamaşa ediblər.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, general-polkovnik Tofiq Ağahüseynov, general-mayor, keçmiş millət vəkili Vladimir Timoşenko, "İnterfaks" Agentliyinin direktoru Aleksey İvanov və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə