YAP ağacəkmə aksiyası keçirib FOTOLAR - SƏS TV

YAP ağacəkmə aksiyası keçirib FOTOLAR - SƏS TV

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiyada YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.

Azərbaycan baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ərzində bir sıra ənənələr formalaşıb. Bu ənənələrdən biri də Bakının müxtəlif yerlərində yaşıllaşdırma kampaniyasında yaxından iştirak etməkdən ibarətdir.

Onun sözlərinə görə, YAP-ın bu ənənəsinin 15 ildən artıq tarixi var. Ə.Əhmədov vurğulayıb ki, paytaxtın bir çox guşələrində YAP-ın birbaşa iştirakı ilə salınan yaşıllıq əraziləri mövcuddur: "İndi yerləşdiyimiz ərazi də bir neçə il əvvəl YAP fəallarının iştirakı ilə salınmış gözəl yaşıllıq ərazisidir. Bir neçə il əvvəl əkdiyimiz ağaclar böyüyüb, bura gözəl bir parka çevrilib. Bu gün də partiyamızın nümayəndələri bu işi davam etdirirlər, bu gün 500-dən çox ağac əkilməsi nəzərdə tutulur. İnanıram ki, bir neçə ildən sonra bu park Bakı şəhərinin ən gözəl yaşıllıq ərazilərindən biri olacaq, insanlarımız burda rahat istirahət edəcəklər. Bununla da, YAP və onun fəal üzvləri Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi abadlıq və quruculuq işlərində yaxından iştirak etmək istəyini ifadə edirlər".

Ə.Əhmədov qeyd edib ki, YAP Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün quruculuq işlərində yaxından iştirak edir. "Biz məmnunluq hissi ilə qeyd edirik ki, son illərdə Azərbaycan, o cümlədən Bakı çox dəyişib, paytaxtımız artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Prezidentimizin rəhbərliyi ilə Bakının ekologiyasının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir. Yaşıllaşdırma kampaniyası da bu siyasətin vacib tərkib hissəsidir. Ölkəmizə, Vətənimizə xidmət və bu kimi digər amillər partiyamızın fəaliyyətinin əsasında dayanan ideyalardan, prinsiplərdən biridir. Hesab edirəm ki, biz partiya olaraq bundan sonra da qarşıya qoyduğumuz məqsədlərə bu siyasətimizlə çata bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə