Bələdiyyələr borc arayışlarını bir günə verəcək

Bu gün Milli Məclisin plenar iclasında "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişikliklərə dair qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi barədə regional məsələlər komitəsinin üzvü Malik Həsənov məlumat verib. Dəyişikliyə əsasən, yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.

İclasda həmçinin "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklər də müzakir edilib. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov bildirib ki, dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 iş günü müddətində arayış verəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında 5 gündən gec olmayaraq arayış verir.

Bütün xəbərlər Facebook səhifəmizdə