Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə dair konfrans keçirlib

Bu gün Bakıda Avropa İttifaqının Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, lonfransının təşkilinə əsas məqsəd Tvinninq, TAİEX, SOCİEUX və SİQMA kimi Avropa İttifaqı institusional quruculuq alətlərinin AQA ölkələri və Türkiyədə tətbiq edilməsi ilə əldə edilən nailiyyətləri müzakirə etməkdir.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa hər zaman önəm verib. Aİ ölkəmizin əsas ticarət tərəfdaşıdır: "Avropa İttifaqı ilə münasibətlərimiz çox inkişaf edib. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 32 faiz təşkil edibsə, 2017-ci ilin iki ayının ümumi ticarət dövriyyəsinin 42 faizi Avropa ölkələrinin payına düşüb. Avropa ölkələri Azərbaycanın əsas investorlarıdır. Aİ ölkələri Azərbaycanın əsas kapitalına 20 mlrd. avro, qeyri-neft sektoruna isə 3 mlrd. avro investisiya qoyub. Ümumilikdə, müxtəlif proqram və layihələr çərçivəsində Avropa İttifaqı Azərbaycana 1992-ci ildən indiyə qədər 582 mln. avro yardım göstərib. Kənd təsərrüfatı emalı məhsullarının ixracı bu ilin iki ayında ötən illin analoji dövrü ilə müqayisədə 40 faiz artıb".

S.Babayevin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Aİ daha 7 tvinninq layihəyə başlayacaqlar. Bu layihələr vergi və maliyyə inzibatçılığı, ədliyyə, sosial sığorta, regional inkişaf və iqtisadi idarəetmə sahələrini əhatə edəcək: "Belə layihələr üçün büdcə 700 min - 1,5 milyon avro arasında dəyişir. Tvinninq-layihələrin reallaşdırılma müddəti təqribən iki il təşkil edir".

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, tvinninq layihəsi vasitəsilə Avropa İttifaqına üzv olmayan ölkələrlə birgə bir sıra mühüm işlər həyata keçirilib. Onun sözlərinə görə, tvinninq layihəsi münasibətlərin inkişafı üçün ən yaxşı fürsətdir: "Biz Azərbaycanla 45 tvininq layihəsi həyata keçirmişik və bundan çox məmnunuq. Azərbaycan tvininq layihələrinin sayına görə Şərq Tərəfdaşlığı ölkələri arasında liderdir. Bu layihələr həm Azərbaycan, həm də Aİ üçün uğurlu olub və tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. Ən uğurlu layihələr sosial rifah ekologiya, statistika və digər sahələrdə keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə