Astarada aprel döyüşlərinin ildönümü qeyd edildi

Astarada aprel döyüşlərinin ildönümü qeyd edildi

Şanlı Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından bir il keçir. SİA-nın məlumatına görə, torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğlullarımızdan biri də Pəncəli Nurməmməd oğlu Teymurovdur. 4 aprel 2017-ci il tarixdə aprel döyüşlərində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurovovun doğulub boya-başa çatdığı Astaranın Əzərüd kəndində bu qəhrəman Vətən oğlunun anım günü, Astara şəhərindəki Bayraq Meydanında aprel döyüşlərinin ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Tədbirlərdə Astara Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, məktəblilər, ziyalılar, gənclər iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tədbiri açıb, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin məsul işçisi, Astara şəhidləri haqqında yazılmış "Əbədiyyət yolçuları" kitabının müəllifi Mərasim Hacızadə, rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, aprel döyüşünün iştirakçısı, Qarabağ müharibəsi əlili Orxan Əlizadə və aprel döyüşçüsü İbrahim Şərbətzadə, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov, Asxanakəran kəndi üzrə icra nümayəndəsi Səlahəddin Əliyev və başqaları çıxış edərək Vətən torpağı uğrunda canından keçən şəhidlərin, o cümlədən, Pəncəli Teymurovun qəhrəmanlığından, yurd sevgisindən danışıblar.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin işğal altında olan torpaqlarımızın sülh yolu ilə geri qaytaracağına hədsiz inamlarını ifadə edərək, lazım gələrsə gənclərimizin Ali Baş Komandanın əmri ilə hər an torpaqların azadlığı uğrunda döyüşə hazır olduqlarını bildiriblər.

Tədbirdə geniş ekranda aprel şəhidlərinin fotoları nümayiş etdirilib, Pəncəli Teymurovun Vətən sevgisinin sübutu kimi hələ 2013-cü ildə öz toyunda dilə gətirdiyi arzusunu əks etdirən videosüjet səsləndirilib. Şəhid gizir toyunda demişdir: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq-ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu eləmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".

Pəncəli Teymurovun anası Vahimə ananın videosüjetdə səsləndirilən "Beş oğul böyütmüşəm. Pəncəli Vətən uğrunda şəhid oldu, dörd qardaşı sağdır. Əminəm ki, oğullarımız şəhidlərimizin qanını yerdə qoymayacaq,

qisasını alacaqlar. Mən oğlumla fəxr edirəm" fikirləri Pəncəlinin Vətən sevgisinin haradan qaynaqlandığını bir daha anlatdı.

Tədbirdə məktəblilərin və tələbələrin ifasında vətənpərvərlik şeirləri, mahnıları və əsgər andı səsləndirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə