Bakıda məqsədli nikahların aşkar edilməsinə həsr edilmiş seminar keçirilir

Dövlət Miqrasiya Xidməti (DMX) və Avropa İttifaqının (Aİ) birgə təşkil etdiyi "Avropa İttifaqı Üzv Dövlətlərində məqsədli nikahların aşkar edilməsi prosedurları və bu halların aradan qaldırılması ilə bağlı tətbiq edilən qanunvericilik" mövzusunda seminar aprelin 6-da öz işinə başlayıb.

DMX-dan SİA-ya verilən məlumata görə, seminarda DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən həyata keçirilmiş əsaslı tədbirlər barədə məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları-sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı və s. tam təmin olunur.

Tədbirdə Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqində sadələşdirilmələr diqqətə çatdırılıb. Misal olaraq göstərilib ki, Azərbaycan vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmur. Həmçinin müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olan və Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də Miqrasiya Məcəlləsində öz əksini tapıb. Qeyd olunub ki, bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətindən, ailə-nikah münasibətlərinə verdiyi dəyərdən irəli gəlir. Təəssüf ki, bəzən bu imtiyazlardan bəhrələnməyə görə məqsədli nikah münasibətləri ilə bağlı məlumatlar daxil olur.

Seminarda Xidmət tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə və əldə edilən nəticələrdən də söhbət açılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi adından proqram meneceri Alessandro Budai çıxış edib və seminarın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, seminarda Belçika, Niderland, Slovakiya, Litva və Birləşmiş Krallıqdan ekspertlər, həmçinin ölkəmizin bir sıra dövlət orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Açılış mərasimindən sonra Azərbaycanda miqrasiya və sığınacaq siyasəti sahəsində Texniki Yardım və Məlumat Mübadiləsi Aləti (TAIEX) ilə əməkdaşlıqdan danışılıb, məqsədli nikahlar sahəsində Azərbaycanda mövcud olan vəziyyət və seminardan gözləntilərə toxunulub.

"Avropa İttifaqında mövcud vəziyyət: Aİ vətəndaşlarının azad hərəkətinə dair Aİ Qanununun kontekstində Aİ vətəndaşları ilə digər ölkələrin vətəndaşları arasında məqsədli nikahların aşkarlanmasına dair təlimat", "Ailələrin vəhdəti hüququndan sui-istifadə: Aİ üzv dövlətlərində məqsədli nikahlar" barədə məruzələr təqdim olunub. Mövzuya Avropa və beynəlxalq hüquq kontekstindən yanaşmalar, məqsədli nikahlara dair Belçika, Slovakiya və Litvanın milli qanunvericiliklərinə dair çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seminarın işi sabah yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...