Suraxanıda həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib FOTOLAR

Suraxanıda həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib FOTOLAR

Aprelin 6-da rayon icra hakimiyyətinin, SHXÇDX-nın Suraxanı rayon idarəsinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir təşkil olunub. Təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət edib, sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Vətən uğrunda qəhrəmancasına şəhid olmuş iğid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SHXÇDX-nın Suraxanı rayon İdarə rəisinin müavini, Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov bildirib ki, çağırışçıların həyatında bu gün əlamətdar bir gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Son illərdə bütün sahələr üzrə çox sürətlə, yüksək templə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlərin həyata keçməsi nəticəsində Azərbaycanın müdafiə qüdrəti güclənmişdir. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz bunu ötən ilin aprelində mənfur düşmənə göstərib. Aprel zəfəri bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaqdır.

Təntənəli yolasalma mərasimində çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.

İ.Abbasov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini xüsusi vurğulamış, Azərbaycanın sabitlik və inkişafının qarantı olan Cənab İlham Əliyevin ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev, şəhid anası Saray Quliyeva, valideyn Vəfa Vəliyeva və digər çıxış edənlər çağrışçılara yaxşı yol arzulayıblar. Çağrışçı Orxan İsmayılov çağrışçılar adından şərəflə xidmət etməyə söz verib.

Hərbiçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs "Qurani-Kərim"in altından keçərək Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestrinin səsləndirdiyi hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə