MTRŞ sədri: "Xarici ölkələrlə bağlı reklamların yayımlanması yerli bazara ciddi zərbədir"
"Bu gün Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan 17, internet üzərindən yayımla məşğul olan 15 hüquqi və fiziki şəxs var". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu günki iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, bundan əlavə, kabel şəbəkəsi yayımı əvvəl Bakının bir hissəsini əhatə edirdisə, indi onun əhatə dairəsinə Sumqayıt, Mingəcevir şəhəri və s. daxil olub: "Bundan başqa, əvvəllər kabel şəbəkəsi yayımı ilə yalnız 40-50 kanala baxılırdısa, indi bu kanalların sayı 100-ə çatıb. Teleradio yayımının yeni üsulu - internet üzərindən yayım yaranıb. Bu sahə o qədər sürətlə inkişaf edir ki, onun fəaliyyətinin tənzimlənməsinə ehtiyac var"
MTRŞ sədri söyləyib ki, artıq bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi baş verib:" 2002-ci ildə "Teleradio yayımı haqqında" qanun qəbul edildikdə kabel şəbəkəsi inkişaf etməmişdi. Ona görə də MTRŞ öz daxili imkanları hesabına bu sahəni tənzimləyirdi. Son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün MTRŞ-ya müraciət edərək lisenziya alıb. Ümumiyyətlə, kabel şəbəkəsi yayımı çox böyük əhəmiyyət kəsb edir. Yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır".
N. Məhərrəmli qeyd edib ki, xarici ölkələrlə bağlı reklamların yayımlanması yerli reklam bazarına ciddi zərbədir: "Bu baxımdan kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamı məhdudlaşdırılır. Bundan əlavə xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, qanun layihəsində bu məsələlərə də yer ayrılıb. Televizyavə radio məsələsi ciddi məsələdir. Bu qanun bir sıra məsələlərin həllində kömək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB