Şəhid əsgərimizin xatirəsi anılıb

Şəhid əsgərimizin xatirəsi anılıb

Biləsuvarda ötən ilin aprel döyüşləri zamanı cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Fərahim Nadir oğlu Novruzovun xatirəsi ehtiramla anılıb. Biləsuvarın Səmədabad kəndində keçirilən mərasimdə Azərbaycan Ordusunun zabitləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, doğmaları iştirak ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Fərahim Novruzovun xatirəsinin biləsuvarlıların qəlbində əbədi yaşayacağını bildirib.

M.Quliyev Milli Ordumuzun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq qeyd edib ki, bu qələbə ermənilərə ordumuzun gücünü göstərdi. Bəzi strateji yüksəkliklər, o cümlədən Lələtəpə düşməndən azad olundu. Bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış üçün yaranan təhlükə aradan qalxdı. Prezident İlham Əliyevin göstərişi ilə kənddə tikinti-quruculuq işlərinə başlanıldı. Bu, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının başlanğıcıdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə