Şamaxıda fermerlərin hüquqları pozulur SƏS TV

Şamaxıda fermerlərin hüquqları pozulur SƏS TV

Heyvandarlıqla məşğul olan fermerlər Şamaxı Rayon İcra Hakimiyyətindən şikayətçidirlər. O fermerlər ki, uzun illərdir doğulub boya-başa çatdıqları Şamaxıda heyvandarlıqla məşğuldurlar. Üstəlik də heyvandarlıqla məşğul olan bu sahibkarların hər birinin əlinə 10-15 ailə baxır. Yəni təkcə bir fermerin təsərrüfatı məhv olarsa, 100-150 insan ac qalmalı olacaq.

Heyvandarlıqla məşğul olan bu sahibkarlar Şamaxı Rayon İcra hakimiyyətinin qeyri-qanuni hərəkətlərindən şikayətçidirlər. Onlar bildirirlər ki, sözün həqiqi mənasında Şamaxı Rayon İcra Hakimiyyəti fermerlərə divan tutur, onların torpaqlarını qanunsuz olaraq əllərindən almağa çalışır. Belə ki, heyvandarlığın inkişaf etdirilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyəti ilə sahibkarlar arasında bağlanmış müqavilə vaxtından bir neçə il əvvəl qanunsuz olaraq birtərəfli qaydada ləğv edilib.

Sahibkar İsmayıl Nağıyev bildirir ki, 2008-ci ilin mart ayının 12-də Şamaxı rayon İcra Hakimiyyətinin 38 saylı sərəncamı ilə 260 hektar qış və 80 hektar yay otlaq sahələrini 15 il müddətinə icarəyə götürüb. Lakin 2023-cü il mart ayının 12-də bitməli olan müqaviləni Şamaxı Rayon İcra Hakimiyyəti "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq 2016-cı ilin noyabr ayında ləğv edib. İcra Hakimiyyəti fermerə yazdığı məktubda əsas gətirir ki, Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il 516s saylı sərəncamı ilə Şamaxı rayonunda yerləşən Padar massivindəki torpaqların təyinatı dəyişdirilib, yəni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün bu torpaqlar dövlət kateqoriyasına keçirilib. Ancaq məsələ bundadır ki, şikayətçi olan sahibkarların torpaqları Padar massivində deyil, Şamaxı-Küdri massivində yerləşir. Eləcə də təyinatı dəyişdirilən torpaqlarda elə həmin sahibkarlar əkib-becərə-bilməzlərmi?

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov isə "SƏS" TV-yə açıqlamasında bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirərək, bir daha bununla bağlı ona zəng etməməyimizi əsəbi şəkildə tələb etdi və telefonu qapatdı. Sahibkarlar bildirirlər ki, onlara heç bir kompensasiya da verilmir, sadəcə müxtəlif vasitələrlə təzyiq edirlər ki, torpaqları boşaldın.

Bütün xəbərlər Facebook səhifəmizdə