Məhkəmə sahəsində layihə başa çatıb

Məhkəmə sahəsində layihə başa çatıb

Avropa Şurası "Azərbaycan Respublikası milli pilot məhkəmələri və Ədliyyə Akademiyası tərəfindən CEPEJ alətlərinin icrası vasitəsilə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması" mövzusunda sektorunda yekun konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Avropa Şurasının və Avropa İttifaqının 2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı çərçivəsində təşkil edilib. Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və qurumun 47 üzvündən biri olaraq bütün dəyərlərə sadiq qalmaqla bağlı üzərinə öhdəliklər götürüb. O deyib ki, AŞ Azərbaycanda hakimiyyət qurumları ilə çox güclü şəkildə işləməkdə maraqlıdır. Həmçinin, məhkəmə hüquq sisteminin effektiv fəaliyyətinin təmin edilməsi istiqamətdə də birgə əməkdaşlıq həyata keçirilir: "Bu əməkdaşlıq ədalət məhkəməsinin hamı üçün çatımlı olmasına yönəlib. Avropa Məhkəməsinə müraciətlərin azalması üçün milli səviyyədə ədalət mühakiməsinin effektiv fəaliyyət göstərməsi vacibdir".

D.Filipoviç layihə çərçivəsində işin məhsuldar olduğunu deyib: "Layihə uğurla başa çatıb və yeni əməkdaşlıq üçün imkanlar yaradıb. Biz gələcəkdə əməkdaşlıq üçün birgə sahələri müəyyən edə bilərik".

AŞ-nın İnsan Haqları və qanunun aliliyi üzrə baş direktorluğunun Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Yunker bildirib ki, bütün üzv dövlətlərdə olduğu kimi burada da AŞ üçün son məqsəd hər bir fərdin inandığı, əlçatan və mübahisə ilə bağlı şikayət edib keyfiyyətli qərar əldə edə biləcəyinə əmin olduğu bir məhkəmə sisteminin yaradılmasıdır: " Azərbaycan CEPEJ işinə hər zaman dəstək verib. Azərbaycanlı hakim Ramin Qurbanov CEPEJ-in sədr müavini seçilib".

Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Qasımov bildirib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin yaxşılaşdırılması istiqamətində CEPEJ-in də rolu olub: "Bizim sıx əməkdaşlığımız qurulub: Azərbaycan nümayəndəsi bu qurumun vitse-prezidenti seçilib. Bu layihə Azərbaycan üçün əhəmiyyətli olub. Beş məhkəmə layihəyə cəlb edilib. Milli təlimçilər hazlrlanıb, xarici səfərlər təşkil olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə