“Fərdi İnkişaf Akademiyası – 2” layihəsinə başlanılır

“Fərdi İnkişaf Akademiyası – 2” layihəsinə başlanılır

"Odlar Yurdu" Gənclər İctimai Birliyində "Fərdi İnkişaf Akademiyası – 2" layihəsinə başlanılır. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, "Qrinviç" Təhsil Mərkəzi və "Sağlam Ailə" Tibb Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək layihə respublikanın müxtəlif regionlarını və paytaxt gənclərini əhatə edəcək. Layihənin keçirilməsində məqsəd gənclərin fərdi inkişafına nail olmaq, gələcək fəaliyyətlərində vacib olan biliklərin mənimsədilməsi, həmçinin onların fəal vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır. "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri, layihənin müəllifi Nigar Ələsgərova bildirib ki, eyniadlı layihə 2015-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində həyata keçirilib. Layihədən ümumilikdə 100 nəfər gənc yararlanıb.

Gənclərin böyük sevgi və rəğbətini qazanan layihə çərçivəsində onlara "Komanda işi və Liderlik", "Strateji planlama", "Məqsədin təyin olunması", "Fərdi İnkişaf ", "Motivasiya və özünəgüvən" mövzularında təlimlər keçirilib, yeni vərdiş və biliklər qazandırılıb. Layihədən faydalanan gənclərin əhatə dairəsini genişləndirmək məqsədilə "Fərdi İnkişaf Akademiyası - 2" layihəsinin birinci mərhələsində Bakı və Gəncə şəhərlərinin müxtəlif ali təhsil ocaqlarında geniş auditoriyalarda seminarlar keçiriləcək. İkinci mərhələdə isə onlayn müraciətlə gənclər layihədə iştirak üçün müraciət edəcəklər. Mayın sonunda isə mərhələli seçimdən sonra seçilmiş 100 nəfər gənc düşərgəyə qatılacaq.

Qeyd edək ki, layihə çərçivəsində ilk seminar aprelin 4-də Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə