Kamran Əliyev: “Bakı 2017” ilə bağlı xüsusi zolaqlar çəkilməyə başlanılıb” AÇIQLAMA - SƏS TV

Kamran Əliyev: “Bakı 2017” ilə bağlı xüsusi zolaqlar çəkilməyə başlanılıb” AÇIQLAMA - SƏS TV

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərində bir sıra idman komplekslərinə gedən yollarda xüsusi zolaqlar çəkilməyə başlanılıb. Bu zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən xüsusi icazə haqqında nişana malik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulur". SİA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polisinin əməkdaşları sözügedən zolaqlara 24 saat nəzarət edəcəklər: "Mayın 1-dən 25-nə qədər xüsusi çəkilmiş zolaqlara digər nəqliyyat vasitələrinin girməsi qadağan olunur. Əks təqdirdə xüsusi çəkilmiş zolaqlara icazəsi olmadan girən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat miqdarda cərimə olunacaqlar. İcazəsiz bu zolaqlara çıxan nəqliyyat vasitələri yol polisi əməkdaşları ilə yanaşı, həm də foto və video qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunacaq və sənədlər sürücünün ünvana göndəriləcək".

K.Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi zolaqlar Ziya Bünyadov prospektindən Atletlər kəndinədək, Bakı Kənarkeçmə yolu (dairəvi) üzrə Bakı Atıcılıq Mərkəzindən Salyan şossesindək, Salyan şossesi üzrə Kənarkeçmə yolundan Bibiheybət yolunadək, Bibiheybət yolu üzrə məsciddən başlayaraq Avropa Oyunları parkından keçərək birbaşa Bayraq Meydanınadək, Bibiheybət yolu-2 üzrə Avropa Oyunları parkının dairəvi keçidindən Bayıl qəsəbəsindəki 20-ci sahədəyədək, Neftçilər prospekti üzrə Bayraq Meydanından Bakı İdman Sarayınadək, Qara Qarayevdə bütün yol, Atatürk prospekti üzrə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski küçəsi üzrə Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Vaqif prospektindəki tunelə girişdən Hənifə Ələsgərova küçəsinə qədər, Hənifə Ələsgərova küçəsi üzrə Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospekti üzrə Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsi üzrə Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şossesi üzrə Koroğlu metro stansiyasından Aeroport şossesinin başlanğıcınadək çəkiləcək.

Onun sözlərinə görə, Oyunlar zamanı regionlarda olan nəqliyyat vasitələrinin şəhərə daxil olmalarına müəyyən müddətlərdə məhududiyyətlər tətbiq olunacaq. Şöbə rəisi vurğulayıb ki, zolaqlardan kənar hissələrdə, xüsusilə şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyət hələ ki, nəzərdə tutulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə