Naxçıvan Dövlət Televiziyası və Radiosu yeni inkişaf mərhələsindədir

Naxçıvan Dövlət Televiziyası və Radiosu yeni inkişaf mərhələsindədir

85 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapıb, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırılıb. Bununla da, teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olunub.

"Televiziya məktəb qədər vacib bir sahədir", – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Televiziyanın maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda yayımına başlanılıb. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb.

Maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə ötən il teleradionun sistem otağına ehtiyat siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Dövlət əhəmiyyətli tədbirlərin çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2 rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış kompüteri alınıb. Yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub, bütün pavilyonlar yeni səs və işıq sistemləri ilə təchiz olunub. Ötən il redaksiyaların iş fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün 4 videomontaj və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3 yeni videomontaj dəsti quraşdırılıb.

Teleradioda kadr hazırlığı sahəsində də tədbirlər görülür, kinooperatorlar, rejissorlar və aparıcılar üçün davamlı olaraq təkmilləşdirmə kursları keçirilir. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilən Jurnalistika ixtisası üzrə 18 gənc sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən "Universitet" televiziyasının və "Nuhçıxan" radiosunun fəaliyyəti də diqqətdə saxlanılıb, televiziyanın və radionun audioteka və videotekası zənginləşdirilib. Belə ki, 50-dən çox audio və videomaterial universitetin arxivinə daxil edilib. Yaradıcı işə də köməklik göstərilib, həftəlik proqram cədvəlinin tərtibi istiqamətində iş aparılıb. Jurnalistika ixtisasının tələbələri ilə yanaşı, "Universitet" televiziyasının və "Nuhçıxan" radiosunun əməkdaşlarının da teleradioda təcrübə keçməsinə şərait yaradılıb.

İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 60-65 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə AZƏRTAC, Azərbaycan Televiziyası, İctimai Televiziya vasitəsilə də tamaşaçılara təqdim edilir.

Bu gün dünyanın istənilən yerindən Naxçıvan Dövlət Televiziyasını internet vasitəsilə izləmək mümkündür. Belə ki, 2016-cı il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində televiziya internet üzərindən yayıma başlayıb. Bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması demək idi. Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, burada görülən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir.

Naxçıvan Dövlət Televiziyasının internet saytında müntəzəm olaraq izləyicilərə yeni telemateriallar və xəbərlər çatdırılır, rəsmi xəbərlər Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Sayt mütəmadi olaraq yenilənir, izləyici və tamaşaçıların tələbləri nəzərə alınır, Naxçıvanın tanıdılması və təbliği məqsədilə yeni bölmələr yaradılır. "Naxçıvanşünaslıq" bölməsinin yaradılması da bu məqsədə xidmət edir.

Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Ötən 5 ayda sayta müraciət edənlərin sayı 2 milyonu ötüb. Muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları Naxçıvan haqqında informasiya yayarkən, əsasən, naxcivantv.az saytına istinad edirlər.

Televiziya son illər sosial şəbəkələrdəki aktivliyini də artırıb, "YouTube", "Facebook", "İnstagram" və "Twitter"də ayrıca səhifələr yaradılıb, bu səhifələrdə televiziyanın 6 mindən artıq materialı yerləşdirilib və ümumilikdə, bu səhifələrə baxış sayı 4 milyonu ötüb.

Naxçıvan Dövlət Radiosunun da avadanlıqları tamamilə yenilənib. Radio hər gün bir-birindən maraqlı verilişlərlə dinləyicilərini salamlayır. Müasir səsyazma avadanlıqları və yayım studiyaları, səs montajları, 5 min giqabaytlıq rəqəmsal arxiv sistemi və digər avadanlıqların quraşdırıldığı radioda günün 18 saatında dinləyicilərin zövqünü oxşayan musiqili verilişlər və canlı proqramlar təqdim olunur.

Teleradionun qarşıda dayanan əsas hədəfi efir keyfiyyətini və yaradıcı işi daha da yüksəltmək, hazırlanan yeni veriliş və proqram layihələrinin uğurlu icrasına nail olmaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qarşıya qoyduğu vəzifələrin icrası əsas fəaliyyət istiqaməti kimi götürülüb. Müşavirədə keyfiyyətin daha da yüksəldilməsi, dövlət televiziyasının rayonlardakı müxbir postlarının fəaliyyətinin təmin olunması, 2017-ci ilin aprel ayından Naxçıvan Dövlət Televiziyasının və Radiosunun ümumi efir vaxtının artırılaraq 18 saata çatdırılması barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası istiqamətində rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılıb, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədilə "İntranet" (FTP) şəbəkəsi quraşdırılıb. Ötən müddətdə müxbir postlarında fəaliyyət göstərəcək bölgə müxbirlərinin hazırlanması istiqamətində də işlər başa çatdırılıb. Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtının daha 1 saat artırılması istiqamətində də işlər aparılıb, aprel ayının proqram cədvəlində efir vaxtı 17 saatdan 18 saata çatdırılıb. Artıq aprelin 1-dən etibarən Naxçıvan Dövlət Televiziyası gündəlik efirini səhər saat 08:00-da başlayacaq və gecə saat 02:00-da başa çatdıracaq. Naxçıvan Dövlət Radiosu isə səhər saat 07:00-dan gecə saat 01:00-dək efirdə olacaq. Bu gündən etibarən Naxçıvan Dövlət Radiosu da Naxçıvan Dövlət Televiziyasının rəsmi internet saytı (www.naxcivantv.az) üzərindən birbaşa yayımlanır. Artıq dinləyicilər həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu internetdən birbaşa dinləyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə