Azərbaycanın iqtisadi tərəqqisinin əsasında Heydər Əliyevin islahatlar konsepsiyası dayanır

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" Heydər Əliyev
Azərbaycanın iqtisadi tərəqqisinin əsasında Heydər Əliyevin islahatlar konsepsiyası dayanır

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də parlaq fəaliyyəti ilə öz adını tariximizə qızıl hərflərlə əbədi yazmışdır. Ümumiyyətlə, müasir tariximiz və bu dövrdə xalqımızın inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı il və birbaşa bağlıdır. Məhz bu baxımdan, Ulu öndərin iqtisadi inkişafımızın təmin edilməsindəki rolunun hərtərəfli qiymətləndirilməsi bütün dövrlərdə iqtisadiyyat elminin xüsusi tədqiqat məsələsi olaraq qalacaq.

1969-1982-ci illərdə Azərbaycanın iqtisadi potensialı gücləndirildi

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının yüksəlişi naminə mühüm islahatlar həyata keçirmişdir. Bu, sovetlər dönəmində özünü aydın şəkildə büruzə verib. 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin mühüm istiqamətini respublika iqtisadiyyatının dirçəldilməsi problemi təşkil edib. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda iqtisadiyyatın real sektorunun mühüm fəaliyyət istiqamətlərinin, o cümlədən kənd təsərrüfatı və sənayenin mövcud məhsuldarlığının artırılması və coğrafi yerləşdirilməsinin ardıcıl olaraq təkmilləşdirilməsi və nəticədə məhsuldarlığın və səmərəliliyin artımına nail olunub. Eləcə də, sənaye sahələrinin coğrafiyasını genişləndirməklə, yeni sənaye rayonlarının formalaşdırılması, xüsusilə emal dərinliyi yüksək olan sənaye sahələrinin, o cümlədən elektrotexnika, məişət texnikası, hərbi sənaye və s. sahələrin yaradılması və inkişafı təmin edilib, bütövlükdə iqtisadiyyatın yeni dəyər yaratması potensialı əsaslı şəkildə genişləndirilib. Ümumilikdə, bu dövrdə respublikamızda xeyli sayda sənaye müəssisələri yaradıldı ki, onların sırasında keçmiş ittifaq əhəmiyyətli müəssisələr də üstünlük təşkil edirdi.

Təəssüflə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə iqtisadiyyatımızın formalaşdırılmış mexanizmi qısa müddət ərzində – 1987-1993-cü illərdə diletant idarəçiliyin nəticəsində əsaslı deqredasiyaya məruz qaldı. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi böhrandan çıxarılması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Ulu öndər haqlı olaraq qeyd edirdi ki, "İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat-bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir". Heydər Əliyevin bu fikirləri müasir Azərbaycanın çağdaş iqtisadi inkişaf strategiyasında sistemli transformasiyanın başlanğıcı hesab edilməlidir. O, dövlət rəhbəri kimi özünü çıxışında, "İstədiyimiz məqsədlərə çatmaq üçün vəzifə iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaqdan və bu islahatlar vasitəsilə Azərbaycanın mövcud iqtisadiyyatının sərbəst iqtisadiyyat prinsipləri əsasında irəlilətməkdən ibarətdir" deməklə faktiki olaraq islahatların istiqamətini göstərirdi. Ulu öndər qeyd edirdi: "Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşmasına yönəltməliyik".

1993- cü il: dağılmış iqtisadiyyatdan dirçəlişə doğru

Heydər Əliyevin inkişaf strategiyası dərin elmi məntiq üzərində qurulsa da, O, dahiyanə tərzdə dünya təcrübəsinin dərslərindən müdrik nəticələr çıxararaq bildirirdi ki, "Azərbaycanda iqtisadi islahatlar ideologiyaya əsasən deyil, real həyat həqiqətlərinə uyğun aparılacaq". Ümummilli liderimizin iqtisadi islahatların həyata keçirilməsinə baxışlarını səciyyələndirən ən mühüm cəhət – islahatların gerçəkləşdirilməsinin öncül istiqamətlərinin düzgün və məntiqi ardıcıllıqla seçilməsindən ibarət olmuşdur.

Təcrübəli dövlət xadimi kimi Heydər Əliyev 1993-cü ilin yayında, çox ağır sosial-siyasi və hərbi şəraitdə belə, iqtisadiyyatda ciddi addımların atılmasının zəruriliyini aydın görürdü. Məhz bu yanaşmadan çağdaş Azərbaycanın iqtisadi sisteminin yenidən qurulması baxımından islahatların ilk vacib addımı, milli valyutanın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan olunması hesab edilir. Heydər Əliyevin bu qərar ilə əslində ilk dəfə ölkənin bütöv iqtisadi məkanının yaradılması başlandı. Heydər Əliyev Azərbaycan Prezidenti kimi iqtisadi tənəzzülün qarşısının alınması, və dirçəlişin təmin olunması üçün ciddi səylər göstərirdi. Ona görə də, dünyanın iqtisadi inkişafında baş verən proseslər və ölkəmizin həmin dövrlərdəki ağır vəziyyəti nəzərə alınaraq iqtisadi dirçəlişin təmin edilməsi üçün xarici investisiyaların cəlbi prioritet vəzifə kimi qarşıya qoyuldu. Əslində, dünya təcrübəsi göstərir ki, qeyri-sabit sosial-siyasi şəraitə malik, faktiki müharibə şəraitində olan ölkə kimi Azərbaycana investisiya yatırımının təmin edilməsi qeyri-realdır. Lakin müdrik rəhbərin ardıcıl səyləri və qətiyyəti sayəsində çox qısa zamanda Azərbaycana böyük həcmdə investisiya qoyulması barədə çoxtərəfli sazişlər imzalandı. Beləliklə, Azərbaycanda daxili siyasi sabitliyin təsdiqi kimi 1994-cü ildə "Əsrin müqaviləsi" nin imzalanması ilə ölkənin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində sıçrayış baş verdi. Qeyd etmək vacibdir ki, ötən dövrün nəticələri bu qərarın dahiyanə düşüncənin və böyük siyasi iradənin nəticəsi olmasını və fövqəladə əhəmiyyətliliyini təsdiq etdi.

Həmin dövrün digər mühüm hadisəsi ictimai-siyasi həyatımızda, o cümlədən iqtisadi sistemdə yeni eranın bünövrəsini qoyan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu oldu. Məhz yeni Konstitusiya demokratik dəyərlərə əsaslanan liberal bazar iqtisadiyyatının qurulmasının legitimliyini təsdiq etdi. Xüsusi mülkiyyətin, azad sahibkarlığın, yeni torpaq münasibətlərinin, dünya iqtisadiyyatına inteqrasiyanın hüquqi əsasları təsbit edildi. Bütün bunlar Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların məhz 1995-ci ildən başlandığını söyləməyə tam əsas verir.

İqtisadi islahatlar güclü hüquqi bazaya əsaslanır

Bütövlükdə, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının islahatlaşdırılması və inkişafında xidmətlərini bir sıra amillərlə ifadə etmək olar. Belə ki, Azərbaycanın iqtisadi islahatlar modelində aparıcı həlqələr müəyyənləşdirildi, iqtisadi islahatlar vasitəsilə yeni iqtisadi-istehsal strukturu formalaşdırıldı, neft gəlirlərindən istifadənin gələcəyə istiqamələnmiş strategiyası formalaşdırıldı, beynəlxalq iqtisadi inteqrasiyada çoxqütblülük modelinə önəm verildi, iqtisadi inkişaf layihələri ölkənin qlobal maraqlarına istiqamətləndirildi və s. Əldə olunan nəticələr sübut edir ki, Heydər Əliyevin bilavasitə dövlət rəhbəri kimi formalaşqdırdığı milli iqtisadi inkişaf strategiyası əslində elmi əsaslara söykənən, strateji milli maraqlara xidmət edən, demokratik dəyərlərə malik və dünyaya açıq, sosial yönümlü iqtisadi inkişaf modelidir.

Beləliklə, Heydər Əliyev islahatları dünya təcrübəsində müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada, müharibə və sosial sarsıntılar (qaçqınlar problemi) içərisində olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar həyata keçirməklə gətirmişdir. İqtisadi islahatların son nəticədə nəyə xidmət etməsi məsələsi barədə Heydər Əliyevin çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən belə bir qənaətə gəlmək olar ki, islahatların nəticələri özünü daha çox respublikanın mövcud iri istehsal müəssisələrində zəruri struktur-profil dəyişiklikləri aparılmasında, daxili bazarın ən zəruri məhsullarla doldurulmasında və ixracat potensialının artırılmasına xidmət edən yeni istehsalatların yaradılmasında, müəssisələrin modernləşdirilməsində və yenidən qurulmasında büruzə verməlidir.

Respublikamızda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə öz müsbət nəticələrini verdi. İslahatların hüquqi bazasını təşkil edən "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Banklar və bank fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında" və bir sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər edilmiş, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq olunmuşdu.

Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas yaratdı.

Yeni mərhələdə iqtisadi islahatlar: gələcək inkişafımızın əsas amilidir

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi və dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli və infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaratmışdır. Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə tarixən qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Beləliklə, bu gün ölkəmizin iqtisadi tərəqqisinin əsasında Ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Hazırda ölkəmizdə yeni şəraitə uyğun olaraq iqtisadi islahatların növbəti mərhələsi başlayıb. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar uğurlu nəticələr verəcək və bu amil Azərbaycanda sosial-iqtisadi baxımdan möhtəşəm inkişafla müşaiyət olunacaq.

Minarə Hacıyeva

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Bütün xəbərlər Facebook səhifəmizdə