Bir sıra ölkələrdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimləri keçirilib

Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının üzvləri iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edib, Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin kütləvi surətdə tarixi Azərbaycan torpaqlarına köçürülməsi və bu ərazilərdə erməni dövlətinin yaradılmasından danışıb, 1905-1907-ci illərdə və 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərindən didərgin salınması barədə məlumat verib. Həmçinin azərbaycanlıların əsrlərboyu yaşadıqları hazırkı Ermənistan ərazisindən 1948-1953-cü illərdə deportasiya olunması, 1988-ci ildə xalqımıza qarşı başlanmış hərbi təcavüz nəticəsində bir milyondan çox soydaşımızın Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər rayonlarımızdan zorla qovulması və Xocalı soyqırımı barədə də məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Sonra Cavanşir Məcidov 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini, onun xalqımızın milli şüurunda və özünü dərk etməsində xüsusi rolunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zamanı həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Serbiyanın dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, burada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ölkəmizin Monteneqro, Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də anım mərasimləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...