Suraxanıda soyqırımı qurbanları anılıb

Suraxanıda soyqırımı qurbanları anılıb

Suraxanı rayonunda "31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Rayon ərazisində yerləşən tam orta məktəblərdə "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş xüsusi dərslər keçirilib, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova, rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə eyni zamanda rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin iştirakı ilə rayonun 104 nömrəli tam orta məktəbində "31 mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kərəm Mehdiyev bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək bildirib ki, erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır: "Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaq olub. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir".

B.Barxudarov qeyd edib ki, Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası öz töhfəsini verməkdədir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.

Tədbirin sonunda məktəblilərin Azərbaycanlıların soyqırımı gününə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə