AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 1918-ci il Soyqırım qurbanlarının xatirəsini yad ediblər. SİA-nın verdiyi məlumata görə, Anım tədbirini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qısa çıxışı ilə açıb. Doktor M. Rəhimova bildirib ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı baş vermiş soyqırım ksenofobiya xəstəliyinə yoluxmuş ermənilərin 1914-cü ildən etibarən Osmanlı İmperiyasında, 1917-ci ilin payızında müasir İranın Urmiya gölü ətrafında və bölgənin digər regionlarında başlatdığı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. M. Rəhimova xüsusilə qeyd edib ki, 1918-ci ilin yazında Bakı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qırğınların başlanması bir qədər sonra Azərbaycanın digər ərazilərində davam etdirilib. Bu qırğınlar daşnak-bolşevik birləşmələrinin azərbaycanlı əhaliyə qarşı sistematik həyata keçirdiyi məqsədli planından xəbər verirdi. Təkcə XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən 1905, 1917, 1918, 1987 – 1993 – cü illərdə kütləvi soyqırımlar, etnik təmizləmələr həyata keçirilib.
"Azərbaycan müstəqil olduqdan sonra, Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri misli görünməmiş vəhşiliklər həm hüquqi, həm də siyasi baxımdan ədalətli qiymətini almış, həmin Fərmandan sonra hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində həm respublika daxilində qeyd olunur, həm də dünya üzrə diasporlar, ictimai təşkilatlar və diplomatik korpusunn iştirakı ilə anım tədbirləri təşkil edilməkdədir" – deyə M. Rəhimova vurğulayıb.
Daha sonra M. Rəhimova sözü 1918–ci ilin mart Soyqırımının bariz sübutu olan Quba Soyqırım məzarlığında ilk tədqiqatları aparmış ekspedisiyanın rəhbəri, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevə verib.
Quba Soyqırım məzarlığında tədqiqatlar aparmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyasının rəhbəri, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev çıxışında aparılmış araşdırmalar barədə geniş məlumat verib. Vizual görüntülərlə müşayət olunan məruzəsində Q.Ağayev tədqiqat zamanı ortaya çıxan problemlər, istifadə olunmuş metodlar, erməni vəhşiliklərini göstərən konkret faktlar və d. faktlar barədə danışıb. Q.Ağayev qeyd edib ki, H.Əliyev Fondunun dəstəyi və ümumiyyətlə dövlətin diqqəti nəticəsində məzarlıq ərazisində aparılan arxeoloji tədqiqatlar effektiv nəticə verib. Həmçinin, məzarlıq ərazisində aparılan tədqiqatlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi diqqətindədir.
Q.Ağayev bunları xüsusi vurğulayıb: "Nəzərə almaq lazımdır ki, Quba Soyqırım məzarlığı erməni vəhşiliklərini əyani göstərən yeganə bir abidədir və bu cür abidələrlə Azərbaycan arxeoloqları ilk dəfə üzləşiblər. Azərbaycan arxeoloqları qarşısında xalqımıza qarşı soyqırımın maddi izlərini müəyyən edib gələcək nəsillərimizə ötürmək kimi şərəfli vəzifə durur".
Mövzu ilə bağlı İnstitutun bölmə rəhbərləri və əməkdaşları çıxış ediblər. Öz çıxışlarında İnstitut əməkdaşları 31 Mart Soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, erməni faşistlərinin bəşəriyyətə qarşı törətdikləri cinayətlərə görə gec-tez cavab verəcəklərinə dərin inamlarını bildiriblər.
Qeyd edək ki, tədbirdə AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, İnstitutun şöbə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB