31 mart Azərbaycanlıların soyqırımı günüdür

31 mart Azərbaycanlıların soyqırımı günüdür

Martın 30-da Milli Kitabxanada "31 mart Azərbaycanlıların soyqırımı günüdür" adlı kitab sərgisi açılıb. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.

Sonra ölkəmizin müstəqilliyi, suverenliyi yolunda canından keşmiş bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilib. K.Tahirov 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışıb. Rəsmi mənbələrə əsaslanan direktor soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü söyləyib, Qubada aşkar olunmuş kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirib.

Soyqırımın cəmi iki il - 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyini bildirib. 1998-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırıb.

O, ermənilər tərəfindən törədilən qırğınların, soyqırımların sonrakı illərdə də davam etdiyini, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığını, Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırım olduğunu söyləyib. Xocalı soyqırımının dünya miqyasında tanınmasında və soyqırıma hüquqi qiymət verilməsində Azərbaycan Respubliakasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.

Milli Kitabxananın əməkdaşı Qızılgül Yusifova çıxış edərək, tarixə qısa bir nəzər salıb.

Sonda tədbir iştirakçıları "31 mart Azərbaycanlıların soyqırımı günüdür" adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış olublar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə