"Pambıqçılığın inkişafı ilə bağlı biolaborotoriya tikilsin" TƏKLİF
"Hazırda ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı biolaborotoriya tikilsə, bu, işə daha çox müsbət nəticə verə bilər. Vaxtilə Ulu Öndərin hakimiyyəti dövründə ölkəmizdə 4-5 biolaborotoriya fəaliyyət göstərirdi. Bununla da kənd təsərrüfatında zərərverici həşəratlara qarşı boloji mübarizə metodundan istifadə olunurdu. Belə olan halda, kimyəvi maddə olan pestisidə ehtiyac qalmırdı. Bu baxımdan hazırda da bu metoddun tətbiqinə ehtiyac var. Belə olsa, ölkəmizdə Pestisid zavodunun tikintisinə də ehtiyac qalmayacaq. Əgər ehtiyac qalsa, müəyyən ocaqlarda aparılan hesablamalar nəticəsində lazımi sahələrə çiləmə üsülu ilə pestisiddən istifadə etmək olar". Bunu SİA-ya AMEA Zoologiya İnstitutunun tətbiqi zooloji mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov Azərbaycan Prezidentinin Saatlıda Pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə ölkəmizdə Pestisid zavodunu tikilməsinin vacibliyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
B. Əhmədovun sözlərinə görə, istər pestisid, istərsə də bioloborotiyada çalışmaq üçün ölkəmizdə peşəkar kadrlar var:
"AMEA Zoologiya İnstitutunda sözügedən fəaliyyətlə məşğul olan mütəxəssislər var ki, hazırda onlar "Pambıq sovqasının hazırki vəziyyətini öyrənmək və ona qarşı mübarizə tədbirini hazırlamaq"la bağlı tədqiqat işləri aparırlar. Bunun nəticəsində alimlərimiz bu yaxınlarda xeyirli yırtıcıları çoxaltmaq üsulunu əldə edəcəklər. Ümumiyyətlə, alimlərimiz kimyəvi üsuldan daha çox bioloji metoda üstünlük verməyə çalışırlar. Zərərli həşəratları məhv edən xeyirli yırtıcılar var ki, onları çoxaldıb kənd təsərrüfatı sahələrinə buraxmaqla kimyəvi maddələrdən uzaq olmaq mümkündür".
Zooloji mərkəzin müdiri söyləyib ki, hələlik bir biolaborotoriyanın yaradılması pambıqçılığın inkişafına mühüm töhfə verə bilər: "Əvvəllər Sabirabadda belə biolaborotoriya fəaliyyət gösərirdi. Bunu nəzərə alaraq, indiki şəraitdə də Sabirabad və ya Saatlıda belə müəssisə açıla bilər".
B. Əhmədov qeyd edib ki, hazırda ölkəmizdə pambıqçılıq sahəsi ilə məşğul olan fermerlərin bir çoxu mütəxəssis olmadıqları üçün zərərverici həşəratlarla nə zaman mübarizə aparacaqlarını bilmirlər: "Onlar məsləhətsiz olaraq zəhərli maddələrdən istifadə edirlər ki, bu da müəyyən çətinliklər törədə bilir. Ümumiyyətlə, pambığa zərər verən mənənələr (sorucu zərərəvericilər) var ki, onlarla əsasən aprel-may ayında mübarizə aparılmalıdır. Mayın sonundan isə pambıq sovqasının yumurta qoyması nəticəsində artan zərərverici həşəratlar məhsulun 50-60 faizinin məhvinə səbəb olur. Fermerlər bunun qarşısının alınması üçün AMEA Zoologiya İnstitutuna müraciət etməlidirlər ki, bizim mütəxəssislərimiz pambıq əkilən əraziləri müşahidə edib oranı nəzarət etsinlər. Kortəbii şəkildə səpilən zəhərlər illərlə torpağın tərkibində qalmaqla yanaşı, yağış yağarkən su ilə birgə digər laylara, dənizə, su xətlərinə keçə bilir. Bununla da atmosfer, ekologiya korlanır, müəyyən xəstəliklər yaranır. Bundan əlavə, bir çox hallarda pambıq tırtılları çox zaman qozanın içərisinə daxil olduğu üçün səpilən zəhərlər onlara təsir etmir, əksinə xeyrli həşəratları sıradan çıxararaq məhsulu məhv edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB