Nəsimi rayonunda müşavirə keçirilib

Nəsimi rayonunda müşavirə keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda müşavirə keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Mehriban xanım Əliyeva çıxış edərək, bildirib ki, bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınmış, 250.000 köçkün yeni mənzillə təmin olunub. Salınmış qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub.

Müşavirədə qeyd olunub ki, qəzalı binalarda yaşayan bütün köçkünlər bu il və gələn il ərzində yeni mənzillə təmin edilməlidir. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 Fərman və Sərəncam verilmiş, 2001-2016-cı illərdə 95 qəsəbə salınmış, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 %-dən 12 %-ə enmişdir. Hazırda respublika üzrə 80.000 ailə və ya 340.000 məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Respublika üzrə 636.000 məcburi köçkündən 217.000 nəfəri yaxud 35 %-i Bakı şəhərində məskunlaşıb. Kompakt məskunlaşma obyektlərində 41.000 ailə, o cümlədən 4000 ailə sanatoriyalarda, 4000 ailə tikintisi yarımçıq binada, 2000 ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır.

Respublika üzrə 4000 ailə və ya 18.000 məcburi köçkün yerli sakinlərə məxsus mənzillərdə yaşayır.

Son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380.000 əmək qabiliyyətli məcburi köçkündən 200.000 nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161.000 nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var. Mövsümi işlərlə birlikdə 400.000 nəfərə qədər işlə təmin olunub.

SİA-nın məlumatına görə, Nəsimi rayonu ərazisində 2373 ailə olmaqla 8713 nəfər məcburi köçkün məskunlaşıb. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə daim diqqət və qayğı göstərilir. Onların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları istiqamətində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan "Bakı Tikiş Evi" SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür.

Rayon İcra hakimiyyəti Başçısının I müavini Gülarə xanım Verdiyeva "Bakı Tikiş Evi" SC-də olaraq yeni işə götürülmüş məcburi köçkünlərlə görüşüb. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

"Bakı Tikiş Evi" SC-nin baş direktoru Fidail Rəhimov çıxış edərək bildirib ki, hazırda müəssisələrində 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə