Qubada soyqırımı qurbanları anılıb

Qubada soyqırımı qurbanları anılıb

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail və Quba rayon təşkilatlarının nümayəndələri 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunan toplantı keçirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbir Quba Memorial Soyqırım Kompleksinin ziyarəti ilə başlayıb.

Burada qonaqlara ötən əsrin əvvəllərində soydaşlarımızın başına gətirilən müsibətlər barəsində məlumat verilib. Qeyd olunub ki, tarixdə baş verən müharibələrin ən dəhşətlisi bir millətin kökünü kəsməkdir. Azərbaycan xalqı tarix boyu dəfələrlə bu cür zorakılıqlara məruz qalıb.

Sonra YAP-ın Quba rayon Təşkilatının binasında geniş konfrans baş tutub. Burada çıxış edən millət vəkili Yevda Abramov qeyd edib ki, ermənilər Qubada tapılan quyulardakı insan sümüklərinin azərbaycanlılar olmadığını dünya ictimaiyyətinin diqqətini çatdırmağa çalışır: "Mən onları dəvət edirəm Qubaya, gəlib araşdırsınlar həmin sümükləri. Qoy dünya əsl həqiqətlərə şahid olsun".

Millət vəkili Kompleksin ərazisində içərisi sümüklərlə dolu olan açılmamış quyuların da olduğunu vurğulayıb. Daha sonra tədbirdə çıxış edənlər dövlət tərəfindən soyqırım həqiqətlərini beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində mühüm işlər aparıldığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə