Əslində soyuq qış havaları yerini isti yaz havalarına verdiyi zaman özümüzü daha optimist ruhda köklənmiş hiss etməliyik. Lakin bir çox insanlar əksinə bu fəsildə daha halsız, başqa fəsildə rahat gördüyü işləri görməkdə istəksiz olduqları haqqında şikayətlər etməklə yanaşı, hətta baharda daha çox depressiyaya qapıldıqlarını da bildirirlər. Bəzən yazda stress və yorğunluqla yanaşı qan damar sistemində də problemlərin yarandığı da söylənilir. Təbiəti belə oyanmağa məcbur edən yaz fəslində insanların bu cür hallar keçirməsinin səbəbi nədir? Bu hallardan necə azad ola bilərik?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən dietoloq Tutu Zeynalova bildirib ki, soyuq qış aylarından sonra havaların isinməsi ilə əlaqədar insanlardakı halsızlıq, yorğunluq oynaq ağrıları və digər hallarını yaradan amilə bahar yorğunluğu deyilir. Onun sözlərinə görə, xüsusilə də bahar fəslində üst geyimlərimizi çıxardığımız zaman tərəzi və gördüyümüz mənzərə bizi sevindirmirsə, bu hallar daha da çoxalır: "Təbii ki problem varsa, onun həlli yolu da var. Bahar yorğunluğu sindromunu, eləcə də narahatedici hisləri yaşamamaq üçün bir neçə tövsiyələr var ki, onlara əməl edilməlidir. Yaz aylarında tək tipli qidalanmalardan uzaq durmaq çox önəmlidir. Yaz aylarında günə mümkün qədər tez başlasaq daha yaxşı olar.
Bir çox insanlar yuxusuzluqdan şikayət edirlər. Lakin yuxudan tez oyanmaq və günə bir stəkan su ilə başlamaq bahar sindromunun qarşısının alınmasına səbəb ola bilər".
Dietoloq söyləyib ki, bahar yorğunluğu yaşayan şəxslərin səhər yeməyini yeməsi mütləqdir:
"Bu sindromun şikayətlərini azaltmaq üçün səhər yeməyini saat 9:00-a qədər yeməyiniz önəmlidir. Növbəti məqam açıq havada keçirəcəyimiz məqamdır ki, hər gün 30-45 dəqiqə arası təmiz havada olmaq tövsiyə edilir. Gündəlik rasionunuzda suyun olması da vacib məqamlardandır. Gün ərzində 8 stəkan suyun içilməsi mütləqdir. Bir çox insanlar özlərini gümrah hiss etmək üçün çay, qəhvəyə və ya kofeinin səviyyəsi yüksək olan içkilərə üstünlük verirlər. Lakin bu içkilər bir müddətdən sonra insanda yorğunluq hissini daha da artırır, bədəndən su atılmasını sürətləndirir. Bu baxımdan kofeinli içkilərin əvəzinə daha çox sudan istifadə edilməsi daha məqsədəuyğun hesab olunur".
T. Zeynalova qeyd edib ki, yaz aylarında qan şəkərini normalda saxlamaq üçün hazır qidalardan uzaq durmaq lazımdır: " Çünki qan şəkərini sürətlə artıran qidalar daha sonra qan şəkərinin sürətlə aşağı düşməsinə səbəb olur ki bu da mövcud halsızlıq, yorğunluq hissini daha da artırır. Bundan əlavə yediklərimizi günə yayaraq yeməyimiz mühümdür. Yəni tez-tez və az-az qidalanmaq bahar sindromu ilə mübarizədə çox önəmlidir".
Mütəxəssisin sözlərinə görə, yaz aylarında insan orqanizmində vitamin çatışmamazlığının qarşısının alınması üçün rasionumuzda çərəzlərin olması vacibdir: " Belə ki gün ərzində 2-3 ədəd qoz, bir ovuc qədər badam və ya fındıq istifadə etsəniz bu məsələdə qalib ola bilərsiniz. Baharda yemək seçiminə də diqqət etməyimiz önəmlidir. Belə ki, günorta ətli xörək yemisinizsə, axşama daha yüngül və bol tərəvəzlərdən ibarət yeməklərdən istifadə etməlisiniz. Bu fəsildə orqanizmimizin C vitamini deposuna diqqət etməyiniz lazımdır. İlin bu dövründə C vitamini ilə zəngin qidaların qəbulu zəruri hesab olunur. Burada sizin üçün ən faydalı seçim ispanaq, brokoli, tünd yaşıl rəngli tərəvəzlər, bibər, kivi həmçinin sitrus meyvələridir. Bu fəsildə mümkün qədər şirniyyatlardan uzaq durmağınız məsləhət görülür. Çünki şirniyyat insanı özünü daha da yorğun hiss etməyimizə səbəb olan faktorlardandır. Ofis şəraitində çalışan insanlar oturduqları otağı tez-tez havalandırmalıdırlar. Bahar sindromundan azad olmaq üçün zərərli vərdişlərinizdən də əl çəkməyiniz tövsiyə olunur. çünki həyatda heç nə sağlamlığımızdan vacib ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB