Prezident İlham Əliyev "2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında" sərəncam imzalayıb.
Sənəddə deyilir ki, zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biri olub, uzun əsrlərdən bəri müxtəlif dinlərə mənsub insanların dostluq və əmin-amanlıq şəraitində yaşadığı diyardır. Burada ümumbəşəri dəyərləri ehtiva etməklə ölkəmizin İslam aləmində özünəməxsus mövqeyi ilə seçilməsinə yol açan və onu eyni zamanda dinlərarası dialoqun bənzərsiz məkanı olaraq tanıdan yeni mühit təşəkkül tapmışdır.
2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən zamanın çağırışlarına cavab verən çox əhəmiyyətli addım kimi böyük rəğbətlə qarşılanmışdır.
"İslam Həmrəyliyi İli" çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam dini dəyərlərinin qorunub saxlanılması, təbliği və bu sahədə beynəlxalq səviyyədə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. "İslam Həmrəyliyi İli" çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulmuş, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulmuşdur.
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB