Naxçıvanda pirotexniki məmulatların qanunsuz dövriyyəsinə gömrük nəzarəti gücləndirilib
Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. Bu məqsədlə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir ki, ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkarlanıb. Əhalidə, xüsusən də uşaqlarda köhnədən qalma "bayram adət-ənənəsi"nə bağlılıqdan istifadə etməklə qazanc götürmək istəyənlər insanların sağlamlığına, rahatlığına, ətraf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsul və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Bunun üçün bir neçə halda nəqliyyat vasitələrində düzəldilmiş müxtəlif gizli saxlanc yerlərindən istifadə edilib. Həmçinin pirotexniki vasitələrin vətəndaşların öz üzərlərində və əl yükləri arasında gizlədilərək keçirilməsinə də cəhdlər olub.
Martın əvvəlindən bu yana gömrük orqanları tərəfindən, ümumilikdə, 5 adda 4 min 775 ədəd pirotexniki vasitə saxlanılaraq müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, malların gömrük nəzarətindən gizli, eləcə də bəyan etməmə və ya düzgün bəyan etməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar məcəllələrində cəza və cərimələr nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB