Bulənt Gürçam Azərbaycan oxucularına hələ də yaxşə tanış deyil. Belçikada yaşayan və diaspora, libbiçilik, turançılıq sahəsində böyük işlər görən, ömrünün 30 ilindən çoxunu bu müqəddəs işlərə həsr edən, bu işi dünya ölkələrinə yayan həmyerlimiz haqqında Kütləvi İnformasiya Vasitələrində hələ də az yazılır. Onun bu sahələrdə gördüyü böyük işlər mətbuatımızda layiqincə işıqlandırılmır. Bu yaxın günlərdə Bulənt Gürçam Azərbaycanda oldu və biz də çoxminli oxucularımız üçün ondan müsahibə götürdük.
- Bulənt bəy, siz sevimli Xaql yazıçımız Elçin Əfəndiyevin köməkliyi ilə ilk dəfə 1989-cu ildə Azərbaycana gəldiniz. Həmin illər yaddaşınızda necə qalıb?
- Mən azərbaycanlı olsam da, Türkiyədə doğulmuşam. Amma orada toyumuz, düyünümüz yalnız Azərbaycan üstündə köklənib. Lakin Sovetlər Birliyi dönəmində bizim Azərbaycana gəlişimiz mümkün deyildi. Ona görə də məcbur idik ki, oradan, Sovetlər Birliyindən gələn yazıları oxumaq üçün kirill əlifbasını öyrənək. Yalnız həmin əlifbanı öyrənəndən sonra başladıq Şimali Azərbaycanda baş verənləri öyrənməyə. Mən, Türkiyədən köçüb, Belçikaya yaşamağa gedəndən sonra isə orada işlər bir qədər asanlaşdı. Çünki İkinci Dünya Müharıbəsindən sonra doğma yurdlarına qayıda bilməyən çoxlu azərbaycanlılar Almaniyada, Belçikada, Fransada və başqa Avropa ölkələrində məskunlaşmışdılar. Biz, tez bir zamanda onlarla əlaqələr qurduq. İndi onların çoxu dünyalarını dəyişiblər. Elə həmin ölkələrdə də dəfn olunublar. Allah hamısına rəhmət eləsin.

- Qayıdaq yenə "Vətən" Cəmiyyətinə. Deməli, sizin Azərbaycanla ilk tanışlığınızı onlar təşkil ediblər?
- Bəli. Bayaq siz deyən kimi həmin vaxtı biz, ən böyük köməyi "Vətən" Cəmiyyətindən gördük. Həmin vaxtı onlar "Odlar yurdu" adlı qəzet çap edirdilər. Tez də həmin qəzetləri dünya ölkələrində yaşayan azərbaycanlılara çatdırırdılar. Həmin qəzet bizə gələndə, inanın həmvətənlərimiz o qəzetləri oxumağa növbəyə dururdular. Necə acgözlüklə, sevinclə oxuyurdular… Ona görə mən qətiyyətə deyirəm ki, "Vətən" Cəmiyyətinin bizim üçün diaspora sahəsində gördüyü işiləri, əfsus ki, biz indi görə bilmirik. Baxmayaraq ki, indi bu sahədə Komitəmiz də var…
"Odlar yurdu" qəzeti bizə gəldikcə, mən, "Vətən" Cəmiyyəti ilə əlaqələr qurdum. Orada mənim də məqalələrim çap olunmağa başladı. Həmin vaxtlar Azərbaycana vizasız gəlmək mümkün deyildi. 1989-cu ilin dekabr ayının 31-də İran-Azərbaycan sərhəddi bütövlükdə söküldü. İnsanlar böyük sevinclə tikanlı məftilləri adlayaraq, bir-biri ilə doğma bacı-qardaşlar kimi görüşdülər. O taylı, bu taylı azərbaycanlılar bir-birinə qovuşdu. Doğrudan da bu, Azərbaycan tarixində ən əhəmiyyətli tarixi hadisələrdən biridir. Azərbaycanlıların nümayiş etdirdiyi bu milli həmrəylik, milli birlik həmin vaxt dünyanı lərzəyə salmışdı. Bütün dünya ölkələrində bu haqda yazırdılar və televiziyada göstərirdilər.

Bu, əlbəttə, ulu öndər Heydər Əliyevin xidməti idi. Ulu öndər bu tarixi hadisəni də rəsmiləşdirdi. Belə ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabr gününün Azərbaycan tarixinə "Milli Həmrəylik Günü" kimi daxil olunmasını təklif etdi. Onun bu təşəbbüsü əsasında Milli Həmrəylik və Milli Birlik gününün təsis olunması ilə bağlı qərar qəbul olundu.
Elçin müəllim də 1989-cu ilin axırında mənə viza göndərdi. Beləliklə, artıq 1990-cı ilin yanvar ayının əvvəlində Elçin müəllimin köməkliyi ilə mən ilk dəfə olaraq, Azərbaycana gəldim. Həmin hissləri indi qısa formada danışmaq mənim üçün çox çətindir. Çünki bu, böyük bir kitabın mövzusudur. Özümlə birlikdə yazı makinası, fotoaparat, videokamera da gətirmişdim. "Azərbaycan" mehmanxanasında qalırdım. Azadlıq meydanında və başqa yerlərdə böyük mitinqlər gedirdi. "Vətən" Cəmiyyətinin işçisi Abid Tahirlini də mənə qoşmuşdular ki, lazım olan yerləri göstərsin və mənə köməklik etsin. Burada gördüyüm bütün hadisələri lentə alır, fotoşəkillərini çəkir və müsahibələr götürürdüm. 19-20 qanlı Yanvar hadisələrini də mən lentə çəkib, Mokvaya getdim. Həmin lentləri Moskvada beynəlxalq jurnalistlərə göstərdim. Sonra mən, Belçikaya qayıtdım və "Vətən" Cəmiyyəti ilə daha sıx əlaqələr yaratdıq. Həmin hadisələri mən Belçikadan bütün dünyaya yayırdım. O vaxtlar Azərbaycandan mənim ünvanıma "Vətən" Cəmiyyətinin xətti ilə çoxlu kitablar gəlirdi. Mən də həmin kitabları yayırdım. İndi baxıb görürəm ki, həmin vaxtlar mənim ünvanıma yüzlərlə kitablar gəlib. Hətta yazıçılar, filosoflar, tarixçilər, politoloqlar, incəsənət işçiləri özləri öz kitablarını mənə göndərirdilər. Amma indi nə Komitə, nə də şəxsi insanlar, heç kim kitab göndərmir ki, biz Belçikada işlərimizi qura bilək. Onların kitablarını təbliğ edək. Həmin vaxt təkcə yazarlar yox, bütövlükdə xalq ən qədim və tutarlı, lazımlı kitabları, tarixi məlumatları bizə göndərirdi. Ona görə də səmimiyyətlə deyirəm ki, həmin vaxtlar başda Elçin Əfəndiyev olmaqla Azərbaycan xalqı diaspora yolunda çox böyük uğurlu işlər görürdülər.
- Siz 30 ildən çox bu işlə məşğul olan bir azərbaycanlı kimi deyə bilərsinizmi ki, bu gün dünyada Azərbaycan diasporunun işləri necə gedir?
- Azərbaycan diasporu Məmmədəmin Rəsulzadədən başlayır. 1947-ci ildə o, ilk dəfə bu işin təməlini qoyub. Sonra Nağı Şeyxzamanlı 1956-cı ildə Amerikada bu işi təşkil edib. Və ondan sonra bizim çoxlu vətənpərvər ziyalılarımız Böyük Vətən Müharibəsindən sonra diaspora işlərimizi xarici ölkələrdə davam etdiriblər. Bunlar - Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Ağaoğlu, Əli bəy Hüseynzadə, Sadıq bəy Ağabəyzadə, Züleyxa Əsədullayeva, Fərman Salmanov, Əziz Şərif, Müslim Maqomayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və onlarca başqalarının da adını çəkə bilərəm. Amma biz bir vahid təşkilat yarada bilməmişdik. Axır ki, milli liderimiz, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarını 2001-ci ildə bir araya gətirib, onun I Qurultayını keçirtdi və nəhayət, Diaspora Təşkilatları ilə iş üzrə Komitə yarandı. Bu, doğrudan da böyük işdir. Amma indı gəlin görək ulu öndərin qoyduğu bu müqəddəs işi biz dünyada necə davam etdiririk? Əlbəttə, lazım olan səviyyədə davam etdirə bilmirik. Bu işdə hamımızın günahı var. Təsəvvür edin ki, mən Bakıya gəlirəm və onlarla görüşüb, lazım olan kimi söhbətlər edə bilmirəm. Eləcə də başqa ölkələrdən gələn təşkilat rəhbərləri də mənim kimi. Çox ölkələr var ki, onların da belə Komitələri var. Amma həmin Komitələr çox dəqiq, səlis və çevik işləyirlər. Amma bizim Xarici Ölkələrlərdəki Diasporalarla iş üzrə Komitəmiz onlara nisbətən çox zəif işləyir. Hətta bizə lazım olan məlumatlar belə vaxtlı-vaxtında çatdırılmır. Biz isə bunları davamlı tələb edirik. Özü də xarici dillərdə. Hətta biz tələb edirik ki, əgər siz xarici dillərdə məlumatları çap edə bilmirsinizsə, imkan verin biz özümüz çap etdirək. Bax, bütün bunlar olmadığına görə biz diaspora təşkilatı olaraq yalnız öz çevrəmizdə qala bilirik. Başqa ölkələrin vətəndaşları ilə iş qura bilmirik. Ona görə də biz uzun illərdir deyirik ki, Azərbaycanı tanıtma fondu yaradılmalıdır. Əsas işləri də bütün xarici ölkələrdə məhz bu fond görməlidir. Diaspora işi çox böyük işdir. Bu təşkilat öz millətinin dirisi ilə də, ölüsü ilə də ciddi məşğul olmalıdır. Adamlar var ki, xarici ölkələrdə dünyalarını dəyişirlər, amma diaspora təşkilatları pul toplayıb, onları Vətənə göndərmirlər. Həmin ölkələrdəki səfirliklərimizin də çoxu bu işə biganə yanaşırlar. Həmin adamların ailə üzvləri maliyyə imkanları olmadığına görə məcbur olub, vəfat edən adamını elə həmin ölkədə dəfn edirlər. Məgər bu faciə deyilmi, həmin diaspor təşkilatı üçün? Ona görə də xaricdəki bütün səfirliklərdə dini işlərlə məşğul olan adamlar da olmalıdır. Azərbaycan dilini həmin ölkədə doğulub böyüyən azərbaycanlılara öyrədən müəllimlər də olmalıdır. Əgər xarıcdə yaşayan azərbaycanlı dilini və dinini unudacaqsa o, necə azərbaycanlı olacaq? Bax, ona görə də tarixlər boyu çoxlu azərbaycanlılar asimilyasiya olub və özlərini başqa millətin nümayəndəsi yazdırıblar. Əslində, yer üzündə azərbaycanlı 60 milyon yox, daha çoxdur. İranda yaşayan 40 milyona yaxın azərbaycanlıların öz ana dilində məktəbi yoxdur. Xarici ölkələrdə yaşayanların da ana dilində məktəbi yoxdur. Şimali Azərbaycanda yaşayan 10 milyona yaxın həmvətənlərimizin öz ana dilində məktəbi var. Bəs biz, qalan azərbaycanlılara öz ana dilimizi necə öyrətməliyik?.. Ona görə də Azərbaycan dövləti bütün xaricdə yaşayan həmvətənlərinə sahib çıxmalıdır. Bütün bu müqəddəs işləri yalnız Azərbaycan dövləti və onun səlahiyyətli rəhbərləri görməlidirlər.

- Siz Belçikadasınız və qonşu ölkələrlə - Almaniya, Fransa, İngiltərə və baçqaları ilə də əlaqələriniz var. Orada diaspor işləri necə gedir?
- Açığı, həmin ölkələrdə yaşayan həmvətənlərimiz ailələrini dolandırmağa, pul qazanmağa gediblər. Onların çoxunu diaspora, lobbiçilik, turançılıq işi maraqlandırmır. Əgər onlarla lazım olan güclü təbliğat aparılsa və bu işlərlə bağlı maliyyə ayrılsa, yalnız həmin vaxt onlar iş görürlər. Çünki həmin Avropa ölkələrində yaşayanların çoxu Böyük Vətən Müharibəsində Sovetlər ölkəsinə qayıtmayanların törəmələri, nəslindən olanlar, İranda inqilab vaxtı Cənubu Azərbaycandan köçənlər və vaxtı ilə Ermənistandan Türkiyəyə köçərək və sonra da oradan Avropa ölkələrinə köçən azərbaycanlılardır. Gəlin həqiqəti deyək. Bu insanlar hamısı azərbaycanlı olsa da, onlarda Vətən sevgisi elə də yüksək deyil. Çoxusu öz doğma dilində də yaxşı danışa bilmirlər. Yəni, onlarda Müstəqil Şimali Azərbaycana maraq heç də böyük deyil. Ona görə də orada çox böyük təbliğat işi aparmaq lazımdır. Bu təbliğat da böyük maliyyə və təşkilatçılıq tələb edir. Bunlar da olmadığından Avropa ölkələrində diaspor və lobbiçilik işimiz zəif gedir. Biz, Belçikada 1990-cı ildən bu işləri görürürk. Əsasən də yalnız öz gücümüzə.

- Axı həmin ölkələrdə bizim səfirliklərimiz var. Bəs, onlar sizə heç bir köməkliklər etmirlər?
- Edirlər. Amma çox zəif. Mən təklif edərdim ki, həmin səıfirliklərdə elə həmin ölkələrdə doğulan, uşaq yaşlarından yaşayan, orada təhsil alan adamlar da qoy işləsin. Qoy həmin adamları da işə götürsünlər. Axı, onlar həmin ölkəni daha yaxşı tanıyırlar, nəinki buradan gedən azərbaycanlılar. Hətta, mən Dünya azərbaycanlılarının bir neçə qurultayında olmişam. Həmin qurultaylarda ölkə başçımız İlham Əliyev deyib ki, Azərbaycan haqqında dünyanın bütün ölkələrinə böyük informasiyalar yaymalıyıq. Bu məsələni özümüzün ən ümdə işimiz hesab etməliyik. Amma biz, bu məlumatları vermək üçün əlimizdə Azərbaycanla bağlı çoxlu xarici dillərdə tutarlı məlumatlar, materiallar olmalıdır. Bunlar da bukletlər, jurnallar, qəzetlər, fotoşəkillər və başqa informasiya məlumatları, kitablar, sənədli filmlər, Azərbaycanla, əsasən də Qarabağla bağlı tamaşalar olmalıdır. Türkiyə Respublikası bu işlərlə bağlı Avropa ölkələrində çox böyük işlər görürlər. Bu işləri də onların nazirliyi həyata keçirir. Əgər Azərbaycan teatrlarının Qarabağla bağlı tamaşaları Avropa ölkələrində oynanılsa və sinxron tərcümə olsa, zallar tamaşaçı ilə dolu olar. Ona görə də biz, bu sahələrdə düşmənlərimizdən çox geridə qalmışıq. Avropada diaspor təşkilarlarımız var ki, onların heç 5-10 ədəd milli bayrağı belə yoxdur. Bir daha vurğulayıram. Bütün bu işləri də Xarici Ölkələrdəki Diaspor təşkilatları ilə iş üzrə Komitə görməlidir. Axır vaxtlar onlar demək olar ki, bizi tam yaddan çıxarıblar... Avropalılar üç il bundan sonra görəcəkləri işi indi planlaşdırırlar. Biz isə indi görəcəyimiz işi, indi də planlaşdırırıq. Məgər belə iş görmək olarmı? Allah rəhmət eləsin Cəlil Məmmədquluzadəyə. O, deyirdi ki, "avropalılar fil dizəltməyə başlayanda biz, siçan düzəltməyi fikirləşirik"... Bu həqiqətən də belədir. Amma bizim istəyimiz budur ki, Azərbaycanın prezidenti Fransaya, Belçikaya və başqa ölkələrə gedəndə bir həftə əvvəldən yalnız Azərbaycanın adı hallansın. Həmin ölkələrdə yalnız Azərbaycan, onun tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, mətbəxi təbliğ olunsun. Məgər bunu etmək çox çətindirmi?

- Dünyada Azərbaycanı təbliğ edən həmvətənlərimiz də var. Amma onlar Azərbaycana gələndə viza almaqda çətinlik çəkirlər. Buna münasibətiniz necədir?
- Bu, çox maraqlı sualdır. Bəli. Dünyada Azərbaycan üçün iş görən həmvətənlərimiz də az deyil. Amma nə üçünsə bu vaxta qədər onlara ikili vətəndaşlıq verilməyib. Şəxsən mən, 1989-cu ildən Azərbaycan diasporu, lobbiçilik, turançılıqla bağlı bacardığım işləri görürəm. Amma hələ də mənə ikili vətəndaşlıq verilməyib. Mənim kimi Azərbaycan üçün çox iş görən azərbaycanlılar da var ki, onlara da ikili vətəndaşlıq verilməyib. Bu da əlbəttə, bizim Azərbaycana gəlib-getməyimizə mane olur. Ona görə də lazım olan informasiyaları vaxtlı-vaxtında ala bilmirik. Mənə elə gəlir ki, bu məsələyə də dövlət səviyyəsində baxılsa, bu yalnız işin xeyrinə olar. Azərbaycanlı dünyanın hər yerində özünü azərbaycanlı kimi hiss etməlidir. Və bu adla da qürür duymalıdır. Axı tarixlər boyu sübut olunub ki, biz, dünyanın ən qədim, sivil xalqlarından biriyik. Biz, bütün gücümüzü, ağlımızı, təbliğatımızı ona sərf etməliyik ki, xaricdə yaşayan heç bir azərbaycanlı Azərbaycanın əleyhinə işləməməlidir. Ola bilər ki, onlardan kimlərsə vaxtı ilə incidilib və burdan küsüb gediblər. Ola bilər ki, onların övladları yaşadıqları ölkədə hansısa böyük vəzifələri tuturlar. Ya da həmin ölkənin deputatıdır. İndi biz, onlarla dil tapmalı və məntiqi surətdə sübut etməliyik ki, bu insanlarda doğma Vətənə nifrət olmasın. Bax bu, ən böyük ucalıq və müdriklikdir. Çünki Vətən, iman əsəridir. Həmin adam bilməlidir ki, qərib quşun heç vaxt Vətəni olmur. Gec-tez o, öz doğma Vətəninə dönəcək. Özünə ömür vəfa verməsə də övladları, nəvələri Vətənə dönəcəklər. Qoy onlar xaricdə Azərbaycanla bağlı yaxşı təbliğat aparıb, böyük həvəslə Vətənə dönsünlər. Yadınıza gəlirsə Sovetlər dövründə incidilib, həmin ölkədən gedənlər, o ölkəyə qarşı qatı əks təbliğat aparırdılar və Sovetlər Birliyinin çökməsində də onlar böyük rol oynadılar... Ona görə də bu gün diaspor işini bilən müdrik, yüksək təşkilatçı adamlar bu işin başında olmalıdırlar. Belə olarsa biz, millətimizin təbliğatı, ermənilərin Qarabağı işğal etməsi yolunda, Xocalı kimi analoqu olmayan dəhşətli faciəni dünya millətlərinə çatdırmaqda, Ermənistandakı dədə-baba yurdlarımızı ermənilərin işğal etməsi istiqamətində dünyada daha çox işlər görə bilərik. Bununla da tarixi dəlillərlə sübut edə bilərik ki, ermənilər faşist xislətli, başqa millətin torpağını zəbt edən, dünyanın ən vəhşi millətidir. Dünyanın ən aparıcı millətlərini bu yolla biz, ermənilərə nifrət üstündə kökləyə bilərik. Bu sahədə də əsas işi tutarlı, məntiqli informasiya ilə görmək mümkündür.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB