Axır çərşənbəni digərlərindən fərqləndirən CƏHƏTLƏR

Axır çərşənbəni digərlərindən fərqləndirən CƏHƏTLƏR

"Çərşənbələrin sıra ardıcılığı ilə bağlı elmi fikirlər müxtəlifdir. Konkret olaraq xalq arasında hansının əvvəl, hansının sonra gəlməsi barədə dəqiq fikir yoxdur. Mərhum folklorşünas Təhmasib göstərirdi ki, yaradılışın əsasında bu 4 ünsür dayanır. Daha hansının əvvəl və sonra olması haqında iddia etmirdi. Folklor İnstitutunun direktoru, professor Muxtar Kazımoğlu da çərşənbələrin müəyyən sıra ardıcılığı ilə göstərilməsinin əleyhdarıdır. Çünki xalq arasında və yaxud hansısa bir informatorun danışığında bu barədə konkret məlumat verilmir". Bu barədə SİA-ya filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev deyib.

Onun sözlərinə görə, belə olan halda ilaxır çərşənbələri hansısa bir halda müəyyən düzümlə sıralamaq düzgün deyil: "Amma burası da var ki, folklorşünaslar xalq adətlərini öyrənməklə bu sahədə müəyyən elmi fikirlər yürütməklə məşğuldur. Bu mənada alimlər içərisində də qruplaşma meydana gəlir. Bəziləri farsca sabiq ifadə kimi dilimizdə işlək olan "abi-atəş", "xakü-bad" tərkibindən tutub çıxış etməklə burada sadalanan ünsürlərin ardıcıllığını əsas götürürlər. Belə olan halda bu cür yanaşma da məntiqə uyğun deyil. Belə ki, ərəb-fars dilindəki izahat birləşmələrin qanunauyğunluğunu nəzərə alanda "abi-atəş" və "xakü-bad" ifadələri dilimizdə olduğu kimi yox, əksinə tənzim olunmalıdır. Yəni Od, Su, Külək və Torpaq sıralanması alınır. Bu cür sıralanmaya əsaslanmaqla da çərşənbələrin sıra ardıcılılığını konkretləşdirmək düzgün deyil. Deməli, çərşənbələrin elmi fikir dövrəsində mövcud olan sıralanması heç də həqiqəti birmənalı şəkildə əks etdirmir. Bir sözlə, ilaxır çərşənbələrin sıra düzülüşü şərti xarakter daşıyır".

"Məlumdur ki, Novruz yaz bayramıdır, özü ilə fəslin gəlişini reallaşdırır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ildə 4 fəsil varsa, hər fəsil özü bir Novruzdur. Sadəcə xalq Novruz bayramını ildə 4 dəfə yox, ümumiləşdirib bahar fəslinin üzərində qurur. Belə olan halda Novruza qədərki 4 çərşənbənin hər biri həm bir yaradılış ünsürünü, həm də bir fəsli sinvolizə edir. Təbiətdə fəsillərin ardıcılığı necədirsə, çərşənbələrin də ardıcılığı o düzümdə olmalıdır. Yəni yaydan sonra payız, payızdan sonra qış və qışdan sonra yazın gəlişi necə qanunauyğun təbiət hadisələridirsə, elə o fəsilləri rəmzləşdirən ünsürlər də həmin qanunauyğunluqlarla getməlidir. Yay fəsli qızmar günəşi və odu, payız bar-bərəkət yetirən torpağı, qış qarı, buzu və suyu, bahar fəsli isə təravətli bahar havasını - yeli və küləyi rəmzləşdirir. Bu fəsil birləşib bütöv bir mövsümü (ili) necə təşkil edirsə, həmin çərşənbələr də o qaydada ardıcıllıqla gələrək ilin təhvilolma anını və baharın gəlişini reallaşdırırlar"- deyə, filologiya üzrə fəlsəfə doktoru qeyd edib.

Ş. Albalıyev vurğulayıb ki, torpaq çərşənbəsində də digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir: "Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının – yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan da, bu cür yüksək əhval-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digər çərşənbələrdən üstün keçirilməsi və həmin çərşənbələrin rituallarını da öz əhatə dairəsinə alması məhz bununla əlamətdardır. Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə".

Bütün xəbərlər Facebook səhifəmizdə