"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” TƏDBİR
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)"Azərbaycanın gəncliyi gələcəyimiz naminə: Baxış bucağı" layihəsi çərçivəsində "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, layihənin məqsədi mövcud informasiya məkanında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. İlk çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov bildirib ki, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə 20/35 saylı qətnamə qəbul edib.
Onun sözlərinə görə, həmin qətnamə Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarı ilə bağlı Ermənistanın Azərbaycanı təhdid etməsinə həsr olunub. Ötən il Ağ Evin saytında Azərbaycanın işğal olunmuş əraziləri və Sərsəng su anbarı ilə bağlı petisiya ilə əlaqədar təşəbbüsü də xatırladan E. Salmanov AVCİYA-nın Azərbaycan həqiqətlərinin təbili, informasiya savaşı sahəsində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Layihənin rəhbəri İradə Yaqubova qeyd edib ki, bu gün Azərbaycanın prioritet sahələrindən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Ermənistanın bu işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondan 1 milyondan artıq qaçqın və məcburi köçkün öz ata-baba yurdundan dirdərgin düşərək ağır sosial şəraitdə yaşamağa məcbur olublar. Ötən müddət ərzində beynəlxalq arenada Azərbaycan dövləti siyasi müstəvidə Dağlıq Qarabağ probleminin həlli, Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və həmçinin məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün lazımi işlər həyata keçirib. Lakin burada əsas məsələ, həm də Azərbaycan gəncliyinin hərəkətə keçməsi və öz sözünü deməsidir. Bu gün ali təhsil ocaqlarında minlərlə tələbə təhsil alır. Tələbələrimiz internet vasitəsilə dünyada baş verənləri yaxından izləyir, sosial şəbəkələrdə aktivdirlər. Məhz buna görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yanlış informasiyanın qarşısının alınmasında gənclərimiz, tələbələrimiz yaxından iştirak edə bilərlər. Bunu nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası bu məqsədlə gənclərin iştirakı ilə debatlar silsiləsinə start verir".
Tədbirdə qeyd edilib ki, layihə bütövlükdə 2017-ci ili əhatə edəcək. İl ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. İlk olaraq, debatlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində keçiriləcək. Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB