“Qovuşan dəyərlər”

Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusovanın rəhbəri olduğu ölkəmizin multikultural dəyərlərə sahib ölkə olduğunu özündə əks etdirən "Qovuşan dəyərlər" sosial çarxının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, QMİ-nin Qazilər Şurasının üzvü, Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, gənclərlə iş üzrə nümayəndələr və fəal gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan oluub. Sonra "Qovuşan dəyərlər" sosial çarxı iştirakçılara təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində mailiyyələşdirdiyi "Qovuşan dəyərlər" layihəsinin rəhbəri, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb.

O bildirib ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini məhz Ümummilli Liderimiz Heydər Əliyevin siyasi gücü bərpa edib. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda da uğurla davam etdirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili "Multikulturalizm ili" elan etmişdir.

Layihə rəhbəri qeyd edib ki, Azərbaycanda "Multikulturalizm ili"nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Beləliklə, dünyada sivilizasiyalararası dialoqda ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın multikulturalizm modeli digər ölkələr üçün perspektiv örnəkdir. Bu gün təqdimatına toplaşdığımız layihə də məhz bu örnəyi özündə əks etdirən sosial çarx vasitəsilə daha geniş kütləyə, xüsusilə də tələbə-gənclərə multikultiralizmin Azərbaycanda həyat tərzi olmasını nümayiş etdirmək məqsədi daşıyır.

Sonda N. Yunusova layihəni dəstəkləyən və mailiyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və tərəfdaş təşkilatlar YAP Gənclər Birliyinə, YAP Nərimanov rayon təşkilatına və Gənclər Birliyinə, Nərimanov rayon Gənclər və İdman İdarəsinə və layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Sonra Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub qurumların rəhbərlərinin Azərbaycanın multikultural dəyərlərin qovuşduğu məkan olması və eyni mövzunu əks etdirən çarxla bağlı səsləndirdikləri fikirlər iştirakçılara təqdim olunub

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, QMİ-nin Qazilər Şurasının üzvü, Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev, Rus İcmasının sədri Lidiya Hacıyeva Nikifirovna, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və digər çıxış edənlər bildiriblər ki, Multikulturalizm xalqımızın tarix boyu formalaşan və inkişaf edən dəyərlər toplusu kimi həmişə mövcud olub. Bu gün isə reallıq odur ki, multikulturalizm Azərbaycan dövlətində əvəzi olmayan yaşam tərzinə çevrilib. Uğurlu dövlət siyasəti sayəsində Azərbaycanda multikulturalizmin yeni keyfiyyət mərhələsinə yüksəlməsi reallıqdır. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.

Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırıldılar və xatirə şəkli çəkilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyyə dəstəyi və YAP Gənclər Birliyi, YAP Nərimanov Rayon Təşkilatı və Gənclər Birliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Qeyd edək ki, "Qovuşan dəyərlər" sosial çarxını rejissor Cavanşir Eladisoy lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə