"Hazırda Bakı ətrafı kənd və qəsəbələr istiqamətindəki marşrut xəttlərində avtobus çatışmazlıqları var. Eyni zamanda mövcud avtobuslar da texniki baxımdan qaneedici səviyyədə deyil. Bu səbəbdən də günün pik saatlarında avtobuslarda sərnişinlərin sıx, nəqliyyat vasitəsinin qapısının açıq, sərnişinlərin qapılardan sallaşaraq daşınması kimi problemlər müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi hazırda bu problemlərin həlli istiqamətində ciddi işlər aparır. Məqsədimiz ətraf kənd və qəsəbələrdə yaşayan sakinlərə sərnişindaşıma sahəsində yüksək səviyyəli xidmətin göstərilməsidir". Bunu SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O qeyd edib ki, marşrut avtobuslarının sürücülərinin qanunsuz hərəkətləri ilə yalnız Bakı Nəqliyyat Agentliyi deyil, eyni zamanda Dövlət Yol Polisi də mübarizə aparır: "Çünki sərnişin avtobusları da yollarda hərəkət iştirakçılarıdır. Yollarda hərəkətin təhlükəsizliyinə birbaşa cavabdeh olan qurum məhz Dövlət Yol Polisidir. Bu məsələdə dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də təsiri olmalıdır. Yəni, sərnişinlər bu cür hallara yol verməməlidirlər".
Şöbə müdirinin sözlərinə görə, araşdırmalar nəticəsində müəyyən edilib ki, avtobusların qapısının açıq şəkildə hərəkət etməsi, sərnişinlərin qapılardan sallanmasının əsas səbəbkarı sərnişinlərin özləridir: "Dəfələrlə olub ki, avtobus sürücüləri yer olmadığına görə nəqliyyat vasitəsinə minməmələri üçün sərişinlərə iradlarını bildiriblər. Lakin sərnişinlər sürücülərə təzyiq göstəriblər. Belə bir hal Balaxanı qəsəbəsində olmuşdu. Avtobusun son dayanacağı qəsəbənin içində olduğu üçün sonradan sakinlər dolu avtobusu saxlamayan sürücüyə qarşı təzyiqlər etmişdilər. Bəzi hallarda sərnişinlər öz həyatlarını riskə ataraq, belə vəziyyətdə avtobusa minməyə cəhd göstərirlər. Doğrudur, bəzi istiqamətlərdə avtobusların sayı sərnişin axınına uyğun deyil. Bu hal gələcəkdə aradan qaldırılacaq. Ancaq heç bir şey insan həyatından üstün ola bilməz. İstənilən halda sərnişinlər öz həyatlarına qarşı biganə olmamalıdırlar".
M. Ağayev vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmələri üçün maarifləndirmə işləri aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB