Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyası təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.
Azərbaycanın Fransadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin üzvü, Jan-Fransua Mansel və Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul edib.
Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür edib. O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd etmiş, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvü olan Fransanın rolundan danışıb.
Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilib.
Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd edib və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından bəhs edib.
J.F Mansel Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar uçun təşkil etdiyi səyahətlərdən danışıb.
Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat verib və bildirib ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilib. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat verib.
Tədbirin sonunda Xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi "Bakı ulduzları" rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Azərbaycan rəqslərini 400 dən çox tamaşaçı böyük maraqla izləyib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB