Rəyasət Heyətinin növbəti iclası keçirilib TƏDBİR

Rəyasət Heyətinin növbəti iclası keçirilib TƏDBİR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, vitse-prezident, millət vəkili İsa Həbibbəyli və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən AMEA prezidenti Akif Əlizadə iclas iştirakçılarını salamlayaraq, onları iclasın gündəliyində duran məsələlərlə tanış edib.

İclasda ilk növbədə elmi-təşkilat məsələləri müzakirə edilib.

"AMEA-nın Humanitar Elmlər bölməsində aparılan elmi tədqiqatların vəziyyəti və inkişafı perspektivi" mövzusunda ilk məruzə ilə çıxış edən Teymur Kərimli bildirib ki, bölmə üzrə 9-u xaricdə olmaqla 167 kitab, 232-si xaricdə olmaqla 2024 məqalə və 37-si xaricdə olmaqla 160 tezis nəşr edilib.

Onun sözlərinə görə, impakt faktorlu jurnallarda əməkdaşların 29 məqaləsi çap olunub: "Alimlərin əsərlərinə 111 dəfə istinad edilib. Bölmənin elmi müəssisələrində fəlsəfə doktorluğu üzrə 43, elmlər doktorluğu üzrə 5 dissertasiya işi müdafiə edilib. Hazırda 46 əyani, 98 qiyabi doktorant, 235 dissertant və 11 magistrant təhsil alır. Bundan başqa keçən il bölmə üzrə əməkdaşlar 5 qrant proqramının qalibi olublar".

Daha sonra məruzəçi ölkə başçısı tərəfindən təsdiqlənən dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında ətraflı məlumat verib.

İclasda AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bölmə üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri haqqında məruzə edib.

Hesabat ilində bir sıra nailiyyətlərin əldə olunduğunu deyən məruzəçi bildirib ki, bölmədə 6 problemi əhatə edən 7 mövzuda 81 mərhələdə 31 iş üzrə tədqiqatlar aparılıb.

Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirilməsi haqqında məlumat verərək ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, Türkiyə, Rusiya və digər ölkələrin elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyib.

İ. Hacıyev bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı məsələlərinə toxunub.

İclasda həmçinin kadr məsələlərinə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə