Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qadınlar Şurası və 87 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Qadınların Cəmiyyətdə rolu" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov, YAP Qadınlar Şurasının üzvləri, məktəblilər iştirak ediblər.
Azərbaycanda qadınların cəmiyyətdəki rolundan danışan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, ölkəmizdə qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Onun sözlərinə görə, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır: "Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva qeyd edib ki, tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu var: "Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunub".
"Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşaqların milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur "- deyə, Z. Musayeva əlavə edib.
YAP Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəsulov isə çıxışında Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycan qadınları üçün bir nümunədir.
Tədbirin davamında 87 saylı tam orta məktəbin direktoru Elmira Ələkbərova, məktəbin tarix müəlliməsi Sevil Məmmədsalahova və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır.
Diskussiya şəklində keçirilən tədbirdə tarixə nəzər salınıb, qadının cəmiyyətdə rolu, onun əldə etdiyi nailiyyətlər və qarşılaşdıqları problemlər müzakirə olunub, şagirdlərin ifasında qadın hüquqlarını əks etdirən səhnəciklər nümayiş olunub, onların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB