ABŞ səfirinin xanımı Sabirabada səfər edib

ABŞ səfirinin xanımı Sabirabada səfər edib

Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Surra kənd sakinləri yol təmiri layihəsinin başa çatmasını qeyd ediblər. SİA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ səfirinin həyat yoldaşı xanım Ənn Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunub.

Xanım Sekuta qeyd edib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir. Onun sözlərinə görə, bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi münasibətinin təzahürüdür. Təmir olunmuş 500 metrlik yol 1300-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yol gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq və rayon mərkəzinə çıxışı asanlaşdıracaq. Surradakı açılış mərasimindən sonra xanım Sekuta Sabirabad rayonunun Axıska kənd bağçasına baş çəkib. O, uşaqlarla ünsiyyət qurmaqdan məmnun qalıb, habelə onlara tədris materialları və oyuncaqlar hədiyyə edib. Bağça Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində USAID və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə tam təmir olunub və 2015-ci ilin oktyabr ayında istifadəyə verilib.

Ümumilikdə, EWMI Azərbaycanın 80 icmasında 127,000-dən artıq insanın faydalana biləcəyi 91 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafın səviyyəsini artırmaq və həyat şəraitini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə