Vüqar Əliyev: "Bu gün Azərbaycan gəncliyi vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir" MÖVQE
Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Prezident yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.
SİA-nın verdiyi məlumata görə, DTX-nin Mədəniyyət Mərkəzində keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin, Milli Məclisin, DTX-nin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Prezident yanında Gənclər Fondunun rəhbər nümayəndələri, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin təmsilçiləri, politoloqlar və ekspertlər, "ASAN xidmət" mərkəzlərinin əməkdaşları, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələri və kursantları iştirak ediblər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev "Terror, ekstremizm və radikalizm ilə mübarizədə KİV-in rolu və vəzifələri" mövzusunda məruzə ilə çıxış edərək konfransın olduqca aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. O, mürəkkəb proseslərin cərəyan etdiyi, yeni hərbi qarşıdurmaların baş verdiyi regionda yerləşməsinə və münaqişə vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf nümunəsinin beynəlxalq səviyyədə örnək kimi qəbul olunduğunu bildirib. Qeyd edib ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasətin həyata keçirilməsi və bu kursun xalq tərəfindən dəstəklənməsidir.
Diqqətə çatdırılıb ki, ölkəmizin müstəqilliyinin ilk illərində siyasi qüvvələr gənclərdən öz maraqları naminə istifadə edirdilər. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin konseptual əsası formalaşdırıldı, gənclər ölkəmizin inkişafında fəal iştiraka cəlb olundular. Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Azərbaycan gəncliyi deyəndə biz Vətənimizi qoruyan cəsur əsgərlərimizi, beynəlxalq yarışlarda bayrağımızı ucaldan, eləcə də siyasi arenalarda fəal vətəndaşlıq mövqeyi ilə çıxış edən gəncləri görürük.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, söz və məlumat azadlığının təmin olunduğu Azərbaycanda KİV cəmiyyətin inkişafında fəal rol oynayır. Milli maraqların təəssübkeşi olan medianın formalaşdırılması Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Sosial şəbəkələrin, onlayn medianın sürətli inkişafı şəraitində medianın başlıca vəzifəsi dövlətin maraqlarını əsas tutmaq, cəmiyyəti dövlətin və Vətənin maraqları naminə səfərbər etmək, ictimaiyyətdə, xüsusilə gənclərdə əsl vətəndaşlıq mövqeyi formalaşdırmaq, vətənpərvərlik ruhunu təbliğ etməkdir. Jurnalistikanın mühüm sahə olduğunu nəzərə alaraq, gənc jurnalistlər peşəkar jurnalistlərin təcrübəsindən bəhrələnməli, ölkədə və dünyada baş verən prosesləri yaxından izləməli, erməni terrorizminin ağır nəticələrini dəqiq bilməlidirlər. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin təhlükəsizliyinin təmin olunmasında və inkişafında fəal iştirak etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB